Hər dörd turistdən biri rusdur
Türkiyənin turizm paytaxtı hesab olunan Antalya 2026-cı ilin yanvar-iyul aylarında xarici turist sayında rekord göstəriciyə imza atıb. Antalya Mədəniyyət və Turizm İl Müdirliyinin açıqladığı rəsmi statistikaya görə, ilk yeddi ay ərzində şəhəri 8 milyon 359 min 222 xarici turist ziyarət edib.
Metbuat.az Türkiyə mediasına istinadla xəbər verir ki, Antalyaya ən çox turist göndərən ölkə yenə də Rusiya olub. Hesabat dövründə şəhərə 1 milyon 979 min 25 rusiyalı turist gəlib. Bu göstərici Antalyaya səfər edən bütün xarici turistlərin 23,67 faizini təşkil edir. Başqa sözlə, şəhərə gələn hər dörd turistdən biri Rusiya vətəndaşıdır.
Turist sayına görə ikinci yerdə 1 milyon 708 min nəfərlə Almaniya, üçüncü yerdə isə 878 min ziyarətçi ilə Böyük Britaniya qərarlaşıb. İlk onluqda həmçinin Polşa, Qazaxıstan, Rumıniya, Niderland, Ukrayna, Çexiya və Litvadan gələn turistlər də yer alır.
Təkcə iyul ayında isə Antalya 2 milyon 714 min 316 xarici qonaq qəbul edib. Bu ay ərzində də Rusiya 622 mindən çox turistlə birinci olub. Almaniya və Böyük Britaniya isə əvvəlki aylarda olduğu kimi ən çox turist göndərən ölkələr sırasında yer alıb.
Turizm mütəxəssisləri bildirirlər ki, açıqlanan rəqəmlər Antalyada yay mövsümünün rekord templə davam etdiyini göstərir. Eyni zamanda, Rusiya bazarının bölgə turizmi üçün strateji əhəmiyyətini bir daha təsdiqləyir. Mövcud dinamikanın qorunacağı təqdirdə, Antalyanın ilin sonuna qədər xarici turist sayında yeni rekorda imza atacağı gözlənilir.