Media

Dezinformasiyalar milli təhlükəsizliyə açıq təhdiddir -

ŞƏRH

Metbuat.az

Rəqəmsal texnologiyaların sürətli inkişafı və sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi informasiya axınını görünməmiş səviyyəyə çatdırıb. Bu gün istənilən xəbər bir neçə saniyə ərzində milyonlarla insana çata, ictimai rəyə təsir göstərə və hətta mühüm qərarlara təsirsiz ötüşməyə bilər. Ancaq informasiyanın sürətlə yayılması onun həmişə doğru olduğu anlamına gəlmir. Saxta xəbərlər, manipulyasiya edilmiş məlumatlar və məqsədli dezinformasiya artıq təkcə media problemi deyil, dövlətlərin milli təhlükəsizliyini təhdid edən əsas risklərdən biri hesab olunur.

Son illərdə dünyada baş verən müharibələr və geosiyasi gərginliklər göstərdi ki, müasir dövrdə informasiya məkanı ənənəvi döyüş meydanları qədər önəmlidir. Hərbi əməliyyatlarla yanaşı informasiya müharibəsi də aparılır. Məqsəd cəmiyyətlərdə çaşqınlıq yaratmaq, dövlətlərə etimadı sarsıtmaq və ictimai rəyi istənilən istiqamətə yönəltməkdir. Buna görə də dezinformasiya artıq hibrid müharibənin ən təsirli alətlərindən biri sayılır.

Azərbaycan da bu proseslərdən kənarda qalmayıb. Xüsusilə Vətən müharibəsindən sonra ölkənin yaratdığı yeni geosiyasi reallıqlar fonunda müxtəlif platformalarda Azərbaycana qarşı dezinformasiya cəhdləri daha da intensivləşib. Sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlar, saxta hesablar vasitəsilə aparılan kampaniyalar və qərəzli paylaşımlar cəmiyyətdə çaşqınlıq yaratmağa, dövlət qurumlarına inamı zəiflətməyə və beynəlxalq ictimai rəydə yanlış təsəvvür formalaşdırmağa hesablanır.

Mütəxəssislər bildirirlər ki, buna görə də informasiya təhlükəsizliyi artıq milli təhlükəsizliyin əsas istiqamətlərindən biri kimi qiymətləndirilir. İnformasiya məkanında yaranan ən kiçik boşluq belə qısa müddətdə saxta xəbərlərlə doldurulur. Sonradan həmin məlumatlar təkzib olunsa belə, onların yaratdığı mənfi təsiri tam aradan qaldırmaq həmişə mümkün olmur.

Bu baxımdan dövlət qurumlarının operativ və şəffaf informasiya siyasəti böyük əhəmiyyət daşıyır. Vaxtında açıqlanan rəsmi məlumatlar şayiələrin qarşısını alır və insanların etibarlı mənbələrə inamını artırır. Eyni zamanda peşəkar medianın üzərinə də daha böyük məsuliyyət düşür. Müasir jurnalist yalnız xəbəri çatdıran deyil, onu araşdıran, yoxlayan və düzgün təqdim edən əsas ictimai institutlardan biridir.

Bu gün jurnalistikada əsas üstünlük xəbəri ilk verməkdən çox, onu düzgün təqdim etməkdir. Sürət naminə faktların dəqiqləşdirilməməsi yanlış informasiyanın yayılmasına səbəb ola bilər. Buna görə də faktların yoxlanılması, müxtəlif mənbələrin müqayisə olunması və rəsmi təsdiqin alınması peşəkar jurnalistikanın dəyişməyən prinsiplərindən biri olaraq qalır.

Azərbaycan Mətbuat Şurasının icraçı katibi Əvəz Rüstəmov Metbuat.az-a açıqlamasında bildirib ki, informasiya təhlükəsizliyi bu gün ölkənin milli təhlükəsizlik sisteminin əsas istiqamətlərindən biridir.

Fotoda: Əvəz Rüstəmov

Onun sözlərinə görə, Azərbaycana qarşı aparılan dezinformasiya kampaniyaları təsadüfi deyil və müəyyən mərkəzlər tərəfindən planlı şəkildə həyata keçirilir:

"İnformasiya təhlükəsizliyi artıq yalnız media sektorunun problemi deyil. Bu məsələ dövlətimizin milli təhlükəsizlik arxitekturasının mühüm sütunlarından birinə çevrilib. Azərbaycanın media və rəqəmsal məkanına qarşı həyata keçirilən dezinformasiya kampaniyaları ölkəmizin daxili sabitliyini pozmağa, beynəlxalq nüfuzuna xələl gətirməyə və cəmiyyətdə çaşqınlıq yaratmağa hesablanmış hibrid təsir vasitələridir. Belə şəraitdə dövlət tərəfindən həyata keçirilən informasiya təhlükəsizliyi siyasəti, qanunvericiliyin təkmilləşdirilməsi və institusional mexanizmlərin gücləndirilməsi strateji əhəmiyyət daşıyır".

Ə.Rüstəmovun fikrincə, dezinformasiyaya qarşı mübarizə yalnız qanunvericiliklə məhdudlaşmamalıdır. Bu sahədə dövlət qurumları, media və vətəndaş cəmiyyətinin birgə fəaliyyəti daha effektiv nəticə verir:

"Təcrübə göstərir ki, informasiya boşluğu yaranan kimi onu dərhal saxta xəbərlər doldurmağa başlayır. Buna görə də dövlət qurumlarının operativ, şəffaf və ardıcıl kommunikasiya siyasəti xüsusi önəm daşıyır. Rəsmi məlumatların gecikməsi və ya çatışmazlığı manipulyasiya üçün imkan yaradır. Əksinə, vaxtında təqdim olunan dəqiq informasiya dezinformasiya şəbəkələrinin fəaliyyət imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırır".

Mətbuat Şurasının icraçı katibi qeyd edib ki, informasiya təhlükəsizliyində medianın rolu xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, peşəkar media yalnız xəbəri yayan platforma deyil, həm də cəmiyyəti dezinformasiyadan qoruyan mühüm mexanizmdir:

"Jurnalist hər yayılan məlumatı xəbər kimi təqdim etməməlidir. Məlumatın mənbəyi, doğruluğu, məqsədi və mümkün nəticələri ciddi şəkildə araşdırılmalıdır. Faktçekinq mexanizmlərinin tətbiqi, peşə etikası prinsiplərinə sadiqlik və məsuliyyətli jurnalistika informasiya təhlükəsizliyinin əsas dayaqlarından biridir. Operativlik vacibdir, lakin operativlik heç vaxt həqiqətin önünə keçməməlidir".

Ə.Rüstəmov bildirib ki, informasiya müharibəsində vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Çünki sosial şəbəkələr hər bir istifadəçini həm informasiya istehsalçısına, həm də onun yayıcısına çevirib:

"Bu gün hər bir paylaşımın cəmiyyətə təsiri ola bilər. İnsanlar sosial şəbəkələrdə qarşılaşdıqları sensasiyalı xəbərləri paylaşmazdan əvvəl onların mənbəyini araşdırmalı, məlumatın rəsmi təsdiqinin olub-olmadığını yoxlamalıdırlar. İnformasiya savadlılığı və rəqəmsal gigiyena artıq hər bir vətəndaş üçün vacib bacarıqlardır. Əks halda insanlar bilmədən dezinformasiya kampaniyalarının iştirakçısına çevrilə bilərlər".

Ekspert hesab edir ki, media savadlılığının məktəblərdə və ali təhsil müəssisələrində daha geniş tədris olunması da vacibdir. Gənclərin informasiyanı təhlil etmək, mənbələri müqayisə etmək və manipulyativ məzmunu ayırd etmək bacarığı nə qədər yüksək olarsa, cəmiyyət də dezinformasiyaya qarşı bir o qədər dayanıqlı olar.

Ə.Rüstəmovun sözlərinə görə, dezinformasiyaya qarşı mübarizə birdəfəlik tədbirlərlə mümkün deyil. Bu sahədə davamlı monitorinq, müasir texnologiyaların tətbiqi, beynəlxalq əməkdaşlıq və cəmiyyətin bütün təbəqələrinin iştirakı vacibdir.

Mütəxəssislər də hesab edirlər ki, informasiya təhlükəsizliyinin təmin olunması yalnız dövlət qurumlarının və ya medianın işi deyil. Hər bir vətəndaş bu prosesdə məsuliyyət daşıyır. Çünki saxta xəbərin yayılmasının qarşısını almağın ən sadə və effektiv yolu onu paylaşmamaqdır.

Müasir dünyada dövlətlərin gücü artıq yalnız iqtisadi və hərbi potensialla ölçülmür. İnformasiya məkanını qorumaq, cəmiyyəti dezinformasiyadan müdafiə etmək və milli maraqları etibarlı şəkildə təmin etmək də təhlükəsizliyin əsas şərtlərindən birinə çevrilib. Dövlətin ardıcıl siyasəti, peşəkar media, güclü faktçekinq sistemi və yüksək media savadlılığı olan cəmiyyət birlikdə informasiya təhlükəsizliyinin ən etibarlı təminatıdır. Dezinformasiyaya qarşı mübarizə isə bu gün olduğu kimi, gələcəkdə də milli təhlükəsizlik siyasətinin prioritet istiqamətlərindən biri olacaq.

Aynur Abdınova / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə dərc olunub.