Ölkə

Bakıda kirayə evlər bu tarixdə bahalaşa bilər

Metbuat.az

Bakıda kirayə mənzil bazarında ənənəvi payız canlanmasının bu il də müşahidə olunacağı gözlənilir. Yay aylarında nisbətən sabit qalan qiymətlərin avqustun sonundan etibarən yenidən yüksələcəyi proqnozlaşdırılır. Bazar iştirakçılarının fikrincə, buna əsas səbəb yeni tədris ilinin başlaması, bölgələrdən və xaricdən paytaxta gələn tələbələrin sayının artması, eləcə də iş və təhsil məqsədilə Bakıya üz tutan insanların kirayə mənzillərə tələbatı artırmasıdır.

Əmlak məsələləri üzrə ekspert Kənan Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, kirayə bazarında hər il müşahidə olunan mövsümi tendensiya bu dəfə də özünü göstərəcək. Onun sözlərinə görə, yay aylarında bir sıra mənzillər boşalsa da, avqustun ikinci yarısından etibarən bazar yenidən canlanmağa başlayır:

“Ən böyük tələbat ənənəvi olaraq metro stansiyalarına yaxın yerləşən bir və ikiotaqlı mənzillərə olur. Universitetlərə yaxın ərazilərdə isə qiymətlər daha sürətlə artır. Hesab edirəm ki, sentyabr ayı ərzində bəzi ərazilərdə kirayə haqlarında orta hesabla 10-15 faiz artım müşahidə oluna bilər. Lakin bu artım bütün bazara eyni dərəcədə təsir etməyəcək”, – deyə ekspert bildirib.

Kənan Məmmədovun sözlərinə görə, hazırda Yasamal, Nərimanov, Nəsimi, Xətai və Binəqədi rayonlarında metroya yaxın yerləşən köhnə tikililərdə birotaqlı mənzillər əsasən 450-650 manat, ikiotaqlı mənzillər isə 650-900 manat arasında təklif olunur. Yeni tikililərdə isə kirayə qiymətləri 900 manatdan başlayaraq 1300-1500 manata qədər dəyişir.

Ekspert hesab edir ki, sentyabr ayında bu qiymətlər mənzilin vəziyyətindən və yerləşdiyi ərazidən asılı olaraq orta hesabla 50-100 manat arta bilər. Xüsusilə tələbələrin üstünlük verdiyi "İnşaatçılar", "Elmlər Akademiyası", "20 Yanvar", "Gənclik" və "Nəriman Nərimanov" metrostansiyalarının ətrafında yerləşən mənzillərdə qiymət artımı daha qabarıq hiss olunacaq.

Ekspert kirayə mənzil axtaranlara tövsiyə edib ki, seçimlərini son günlərə saxlamasınlar.

“Avqustun sonuna qədər müqavilə bağlamaq daha sərfəlidir. Sentyabrın ilk həftələrində həm seçim imkanları azalır, həm də ev sahibləri qiymətləri artırmağa başlayırlar. Bu dövrdə eyni mənzilin bir neçə gün ərzində daha yüksək qiymətə təklif olunması halları kifayət qədər çox olur”, - deyə o vurğulayıb.

Mütəxəssislərin fikrincə, kirayə bazarında qiymət artımı əsasən mövsümi xarakter daşısa da, son illər Bakıda mənzil fondunun bahalaşması, əhalinin paytaxta axınının davam etməsi və daşınmaz əmlak bazarındakı ümumi dinamika da qiymətlərə təsirsiz ötüşmür. Bu səbəbdən sentyabr ayı kirayə mənzil axtaranlar üçün həm seçim, həm də büdcə baxımından daha çətin dövr hesab olunur.