Ölkə

Bakı metrosunda bu yeniliklər olacaq

Metbuat.az

Bakı metrosunda həyata keçirilən yeni layihələr tıxacları azaldacaq, sərnişin axınını rahatlaşdıracaq.

Metbuat.az Report-a istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda Bakı Metropoliteni hər iki xətt ("Yaşıl" və "Qırmızı") üzrə 3 dəqiqə 30 saniyədən az interval təmin edə bilmir: "Lakin layihələr başa çatdıqdan sonra qatarlararası maksimal interval 2 dəqiqəyə enəcək.

Digər istiqamətlərdə isə ehtiyat qatarlar nəzərdə tutulacaq və sərnişin axınının tənzimlənməsi daha səmərəli təşkil ediləcək".

B. Məmmədov bildirib ki, layihənin əsas üstünlüklərindən biri xətlərin müstəqil fəaliyyət göstərəcək olmasıdır: "Bu halda bir xətdə baş verən nasazlıq və ya digər hadisə artıq digər xətlərin işinə təsir etməyəcək. Məsələn, "Qırmızı xət"də problem yaranarsa, "Yaşıl" və "Bənövşəyi" xətlər normal rejimdə fəaliyyətini davam etdirəcək".

Onun sözlərinə görə, dövlət proqramına uyğun olaraq qarşıdakı illərdə 10 yeni metro stansiyasının tikintisi sərnişindaşıma imkanlarını artıracaq, şəhər mərkəzinə yönələn yerüstü nəqliyyatın yükünü azaldacaq, tıxacların qarşısının alınmasına, mobilliyin yüksəldilməsinə və ictimai nəqliyyatın daha səmərəli təşkilinə töhfə verəcək.

Eyni zamanda, "28 May"–"Həzi Aslanov" istiqamətində sərnişin axınlarının qarışmasının qarşısı alınacaq və metropolitenin istismarı daha səmərəli təşkil olunacaq.

B. Məmmədov vurğulayıb ki, hazırda "Həzi Aslanov" istiqamətindən gələn sərnişinlər "28 May" stansiyasında istədikləri marşrut üzrə hərəkət etmək üçün bəzən bir qatarı buraxaraq növbəti qatarı gözləməli olurlar: "Bu isə minmə və düşmə prosesində əlavə sıxlıq yaradır. Lakin layihə başa çatdıqdan sonra sərnişinlər qarşılarına çıxan ilk qatarla rahat şəkildə mənzil başına çata biləcəklər".

Onun sözlərinə görə, layihənin Bakı Metropoliteni üçün əsas əhəmiyyəti sərnişindaşıma imkanlarının artırılması, hərəkətin təhlükəsizliyinin yüksəldilməsi və istismarın daha səmərəli təşkil edilməsidir: "Şəhər baxımından isə layihə ictimai nəqliyyatın fəaliyyətini yaxşılaşdıracaq, fider zonalarında avtobus və taksi marşrutlarının metro ilə inteqrasiyasını gücləndirəcək, mobilliyi artıracaq və Bakıda sürətlə inkişaf edən mikromobillik həllərinin daha da genişlənməsinə şərait yaradacaq".