Azərbaycanda donuzlarla bağlı monitorinqlər keçiriləcək
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycanda avqustun 10–14-də donuzlarla bağlı bir sıra şəhər və rayonlarda yerləşən təsərrüfatlarda epizootoloji monitorinqlər keçirəcək.
Metbuat.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, monitorinqlər təsadüfi seçmə üsulu ilə müəyyən edilmiş ərazilərdə, fərdi və fermer təsərrüfatlarında aparılacaq.
Monitorinqlər zamanı ərazilərdə müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək, həmçinin baytarlıq norma və qaydalarına əməl olunmasının vacibliyi ilə bağlı maarifləndirmə tədbirləri həyata keçiriləcək.
Qeyd edək ki, monitorinqlərin məqsədi ölkədə donuzların Afrika taunu xəstəliyindən azad statusunun qorunub saxlanılması, eləcə də digər xəstəliklər üzrə epizootoloji vəziyyətin qiymətləndirilməsidir.
Nəticələr barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına hesabatlar təqdim edilir.