Sağlamlıq

10 heyvan kəsimi məntəqəsində ciddi nöqsanlar aşkarlanıb

Metbuat.az

Azərbaycanda aktiv fəaliyyət göstərən 84 heyvan kəsimi məntəqəsindən 10-da vəziyyət tam qeyri-qənaətbəxş kimi müəyyən edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, hazırda ölkə üzrə 98 kəsim məntəqəsindən 84-ü aktiv fəaliyyət göstərməkdədir.

Aparılan yoxlamalar zamanı respublika üzrə fəaliyyət göstərən 84 heyvan kəsimi məntəqəsindən 27-sinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qənaətbəxş hesab olunub. 47 məntəqədə vəziyyət qismən qənaətbəxş, 10 məntəqədə isə tam qeyri-qənaətbəxş kimi müəyyən edilib.

Monitorinq zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena normativlərinin pozulduğu məntəqələrin sahibkarlarına nöqsanların qısa müddətdə aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. AQTA xəbərdarlıq edib ki, təyin olunmuş vaxt ərzində müəssisəsini texniki və sanitar normativlərə uyğunlaşdırmayan sahibkarların, eləcə də qanunvericiliyin tələblərini pozmaqda davam edən kəsim məntəqələrinin fəaliyyəti dayandırılacaqdır:

"Monitorinqlərin nəticələri göstərir ki, hazırda respublikanın 33 rayon və şəhərində heyvan kəsimi məntəqəsi ya mövcud deyil, ya da fəaliyyət göstərmir. Kəsim infrastrukturunun olmaması həmin ərazilərdə heyvanların identifikasiyası mexanizminin tam tətbiqinə mane olur və qanunsuz kəsim riskini artırır. Bu səbəbdən həmin rayonlarda əhalinin təhlükəsiz ət məhsulları ilə təmin olunması və qanunsuz kəsimin köklü şəkildə aradan qaldırılması üçün müasir kəsim məntəqələrinin yaradılması vacibdir".