Yeni və köhnə mənzillərin qiyməti necə müəyyən edilir? –
Açıqlama
Yeni tikililər və köhnə binalarda yerləşən mənzillərin qiymətləndirilməsi zamanı əsasən eyni meyarlar nəzərə alınır.
Metbuat.az xəbər verir ki, əmlak eksperti Vüqar Orucun sözlərinə görə, qiymətləndirmə zamanı infrastrukturun inkişaf səviyyəsi, binanın yerləşdiyi ərazi, mərtəbəliliyi, mənzilin küncdə və ya orta hissədə olması, təmir vəziyyəti, ümumi sahəsi, yerləşdiyi mərtəbə və investisiya cəlbediciliyi əsas amillər hesab edilir.
Ekspert bildirib ki, son illərdə enerji səmərəliliyi və ekoloji uyğunluq da daşınmaz əmlakın dəyərinə təsir göstərən vacib meyarlara çevrilib. Onun sözlərinə görə, gələcəkdə ESG standartlarının bu sahədə rolu daha da artacaq.
V.Oruc qeyd edib ki, qiymətləndirmə zamanı əmlakın likvidliyi, yəni qısa müddətdə satılmaq imkanları da nəzərə alınır. İnvestisiya məqsədilə alınan mənzillərdə isə kirayə potensialı xüsusi əhəmiyyət daşıyır.
"Qiymətləndirmə zamanı mənzilin hansı məbləğə kirayə verilə biləcəyi, kirayəçinin nə qədər tez tapılacağı və gəlirlilik səviyyəsi əsas göstəricilərdəndir. Bəzən bazarda yüksək qiymətə satılan mənzillərin kirayə gəliri gözləniləndən aşağı olur. Ümumilikdə, ideal halda kirayədən əldə olunan gəlir təxminən 20 il ərzində mənzilin dəyərini ödəməlidir. Bu müddət uzandıqca həmin əmlakın investisiya baxımından cəlbediciliyi azalır", – deyə ekspert vurğulayıb.