Yayda niyə xaş yeyilmir?
Xaş Azərbaycan mətbəxinin ən sevilən təamlarından biridir, lakin onun süfrəyə gəlməsinin yazılmamış bir mövsüm qanunu var. Bu ağır və enerjili xörək adətən payızın sonlarından etibarən, xüsusilə də qışın bərk soyuqlarında yeyilir.
Bunun səbəbi nədir?
Həkim Cavid Vaqifoğlu Metbuat.az saytına açıqlamasında deyib ki, yayda xaş yeyilməməsinin həm tibbi, həm də praktiki səbəbləri var: “Xaş kollagen, protein və piy baxımından olduqca zəngin, yüksək kalorili bir yeməkdir. Həzm prosesi zamanı orqanizm böyük enerji sərf edir və nəticədə bədən temperaturu daxildən yüksəlməyə başlayır. Qışın oğlan çağında bu temperatur artımı insanı qızdırır və enerji verir. Lakin yayın bürkü və isti havasında xaş yemək bədənin termorequlyasiya (bədən temperaturunu tənzimləmə) sistemini tamamilə pozur. Bu isə ürək-damar sisteminə həddindən artıq yük salır, təzyiqin kəskin yüksəlməsinə və ciddi diskomforta yol açır”.
Həkim qeyd edib ki, xaşın tərkibindəki ağır yağlar bürkülü havada mədə və qaraciyərin işini ciddi şəkildə çətinləşdirir: “İstidə həzm sistemi onsuz da yavaş işlədiyindən, bədən belə bir yükü qəbul edə bilmir. Üstəlik, xaşın ayrılmaz tərkib hissəsi olan sarımsaq və sirkə də bədəndəki istilik hissini, eləcə də susuzluğu artırır”.
Mütəxəssis insanların xaş yemək üçün soyuq ayları gözləməsini “doğru seçim” adlandırıb.
Nazim Hüseynzadə / Metbuat.az