Gündəm

​Yay gəldi, Bakı niyə boşalmır?

Metbuat.az

Yay gəlsə də, paytaxt Bakının küçələrində, ictimai nəqliyyatında və parklarında əvvəlki illərə xas mövsümi seyrəklik hiss olunmur. İllər öncənin xatirələrində qalan “yayda boşalan Bakı” obrazı artıq tarixə qovuşmaqdadır. Bunun həm görünən, həm də pərdəarxası səbəbləri var.

Metbuat.az xəbər verir ki, bu mövzuda danışanda ilk növbədə Bakının daimi sakininə çevrilən tələbə qüvvəsini qeyd etmək lazımdır. Əvvəllər dərslər bitən kimi tələbələrin böyük əksəriyyəti rayonlara, kəndlərə - valideynlərinin yanına tələsərdi. İndi isə mənzərə tamamilə fərqlidir. Tələbələrin çoxu yay tətilini sadəcə istirahət dövrü kimi görmür, şəhərdə qalıb işləməyə üstünlük verir. Xidmət sektoru, çatdırılma xidmətləri, kafe və restoranlar yay aylarında məhz bu gənc işçi qüvvəsinin hesabına canlanır. Gənclər həm təhsil haqlarını toplamaq, həm də ailələrinə yük olmamaq üçün yay boyu Bakının istisinə qatlanaraq işləyirlər.

Digər tərəfdən, Bakı artıq sadəcə mövsümi iş və ya təhsil mərkəzi deyil. Son illərdə ölkə daxili miqrasiya o qədər sürətlənib ki, minlərlə insan paytaxta köçüb, burada daimi iş və həyat nizamı qurub. Bu insanlar üçün fəsillərin dəyişməsi heç bir məna kəsb etmir. Onların iş yerləri, öhdəlikləri, bəlkə də ödədikləri mənzil kreditləri və ya kirayə haqları var. Buna görə də şəhəri tərk edib istirahətə gedə bilmirlər.

İqtisadi amillər və səyahət imkanları da bu sıxlıqda həlledici rol oynayır. Quru sərhədlərinin bağlı qalması və təyyarə biletlərinin qiymətinin yüksək olması əhalinin böyük bir qisminin xaricdə istirahət planlarını alt-üst edib. Hamının büdcəsi baha biletlər alıb xarici kurortlara getməyə imkan vermir. Nəticədə, uzağa gedə bilməyən kütlə paytaxtda və onun ətraf qəsəbələrində qalmağa məcbur olur.

Burada daxili turizmin mövcud vəziyyətini də unutmaq olmaz. Azərbaycanın rayonlarındakı otel və istirahət mərkəzlərində qiymətlər o qədər yüksəkdir ki, orta statistik paytaxt sakininin rayonda bir neçə günlük dincəlməyin xərci Bakıda bir aylıq dolanışıq xərcini keçdiyi üçün, insanlar yay tətilini elə öz evlərində, Xəzərin Abşeron çimərliklərində keçirməyi daha məntiqli hesab edirlər.

Onu da qeyd etmək yerinə düşər ki, paytaxtın özünün cəlbediciliyi və əyləncə mərkəzinə çevrilməsi də əhalini burada saxlayır. Yay aylarında Bakıda keçirilən beynəlxalq tədbirlər, festivallar, konsertlər və idman yarışları şəhəri dinamik saxlayır. Hətta rayonlardan bura gələn daxili turistlərin, eləcə də xarici qonaqların axını Bakının yükünü daha da artırır. Şəhərdən gedənlərin yerini dərhal gələnlər doldurur. Bizim arzumuzdan asılı olmayaraq, reallıq dəyişməz olaarq qalır: Bakı artıq dörd fəsil yaşayan, nəfəs alan və heç vaxt yatmayan, boşalmayan nəhəng bir meqapolisə çevrilib…

Nazim Hüseynzadə / Metbuat.az