Region

Türkiyədə işsizlərin sayı azalıb

Metbuat.az

Türkiyədə əmək bazarında müsbət dinamika davam edir. Son statistikaya görə, iyun ayında işsizlik səviyyəsi həm aylıq, həm də illik müqayisədə azalaraq son 21 ilin ən aşağı göstəricisinə düşüb.

Metbuat.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) açıqladığı məlumata əsasən, iyun ayında ölkədə 15 və daha yuxarı yaş qrupunda işsizlərin sayı əvvəlki ayla müqayisədə 168 min nəfər azalaraq 2 milyon 688 min nəfər olub. İşsizlik səviyyəsi isə 0,5 faiz bəndi enərək 7,6 faizə düşüb.

Bununla da işsizlik göstəricisi aylıq statistikanın aparıldığı 2005-ci ilin yanvarından bəri ən aşağı səviyyədə qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə işsizlik 1 faiz bəndi azalıb.

Məlumata görə, işsizlik səviyyəsi kişilər arasında 6,5 faiz, qadınlar arasında isə 9,8 faiz təşkil edib.

15-24 yaş arası gənclər arasında işsizlik səviyyəsi də əvvəlki ayla müqayisədə 1,8 faiz bəndi azalaraq 12,8 faizə enib. Bu göstərici gənc kişilərdə 10,4 faiz, gənc qadınlarda isə 17,3 faiz olub.