Türkiyədə "Ahbap" fonduna görə onların da ifadəsi alınacaq
Türkiyədə "Ahbap" Fondu ilə bağlı aparılan istintaq çərçivəsində daha bir qrup tanınmış şəxs ifadə verməyə çağırılıb.
Metbuat.az xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində aktrisalar Berna Laçin, Eda Ece, Farah Zeynep Abdullah, İrem Helvacıoğlu və aktyor Kerem Bürsin prokurorluğa ifadə vermək üçün dəvət olunublar.
İstintaq "cinayətkar təşkilat yaratmaq", "külli miqdarda dələduzluq" və "cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması" ittihamları üzrə aparılır. İddia olunur ki, maliyyə araşdırmaları zamanı bəzi şübhəlilərin maliyyə profilləri ilə uyğun gəlməyən iri məbləğli pul köçürmələri, mərc oyunları üzrə yüksək həcmli əməliyyatlar və qısa müddətdə çoxsaylı daşınmaz əmlak alqı-satqısı müəyyən edilib.
Məlumatda bildirilir ki, istintaq çərçivəsində daha əvvəl saxlanılan 54 nəfərdən, Ahbap Fondunun təsisçisi Haluk Levent və Oğuzhan Uğur da daxil olmaqla 28 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Həmçinin fondun fəaliyyətinin idarə olunması üçün məhkəmə qərarı ilə idarəçi təyin edildiyi qeyd olunur.
Bundan əvvəl Öykü Serter, Ece Üner, Gökhan Özoğuz, Fatih Portakal, Hazal Kaya, Ruşen Çakır, Özlem Gürses, Fatih Altaylı, Feyza Altun, Mahsun Kırmızıgül, Gülben Ergen, Uğur Dündar, Hayko Cepkin və Elçin Sangu da istintaq çərçivəsində ifadə verməyə çağırılmışdılar.