Tokayev yenidən prezidentliyə namizəd ola bilər
Qazaxıstanın yeni Konstitusiyasına əsasən, hazırkı prezident Kasım-Jomart Tokayev növbəti prezident seçkilərində yenidən namizəd ola biləcək.
Metbuat.az xəbər verir ki, məhkəmənin yaydığı qərara əsasən, 2026-cı il martın 15-də referendumla qəbul edilən və iyulun 1-dən qüvvəyə minən yeni Konstitusiyanın müddəaları belə şərh edilməlidir ki, 1995-ci il Konstitusiyası əsasında hazırda vəzifə tutan şəxslər yeni Konstitusiya qüvvəyə mindikdən sonra eyni vəzifələrə yenidən seçilə və ya təyin oluna bilərlər.
Qərarda vurğulanır ki, bu şəxslərin yeni Konstitusiya dövründə vəzifəyə seçilməsi və ya təyin edilməsi ilk seçilmə və ya ilk təyinat kimi qiymətləndiriləcək. Bu hüquqi şərh prezident Tokayevin də yeni Konstitusiya çərçivəsində yenidən prezidentliyə namizəd olmasına imkan yaradır.
Məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciəti prezident Tokayev edib. O, yeni Konstitusiyanın prezident, Konstitusiya Məhkəməsinin sədri və hakimləri, Ali Məhkəmənin sədri, eləcə də baş prokuror vəzifələrinə əvvəlki Konstitusiya əsasında çalışan şəxslərin yenidən seçilməsi və ya təyin olunması ilə bağlı müddəalarının izah edilməsini istəyib.
Xatırladaq ki, Tokayevin təşəbbüsü ilə daha əvvəl Qazaxıstan qanunvericiliyinə dəyişiklik edilərək prezidentlik müddəti 4 ildən 7 ilə uzadılmış, eyni şəxsin prezident vəzifəsinə yalnız bir dəfə seçilə bilməsi təsbit olunmuşdu. Bu norma 2026-cı il Konstitusiyasında da saxlanılıb.
Kasım-Jomart Tokayev ilk dəfə 2019-cu il martın 20-də prezident vəzifəsinin icrasına başlayıb. Həmin ilin iyununda keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlib. 2022-ci ilin noyabrında keçirilən növbədənkənar seçkilərdə isə yenidən prezident seçilərək səlahiyyət müddətini davam etdirib. Əvvəlki Konstitusiyaya əsasən onun hazırkı prezidentlik müddəti 2029-cu ildə başa çatmalı idi.
Konstitusiya Məhkəməsinin son qərarı isə Tokayevin yeni Konstitusiya çərçivəsində yenidən prezidentliyə namizədliyinin hüquqi baxımdan mümkün olduğunu təsdiqləyir.