Süni intellekt təhsili dəyişir? -
Ekspertdən mühüm mesaj
Rəqəmsal texnologiyaların sürətli inkişafı təhsil sistemini də dəyişdirir. Xüsusilə süni intellektin tədris prosesinə inteqrasiyası son illərdə dünyanın bir çox ölkəsində prioritet istiqamətlərdən birinə çevrilib və bu texnologiyanın müəllimlərin roluna təsiri geniş müzakirə olunur.
Bu barədə Metbuat.az-ın sualını cavablandıran Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, süni intellekt yaxın illərdə bir çox peşə və fəaliyyət sahəsində mühüm dəyişikliklər yaradacaq. Mütəxəssis qeyd edib ki, təhsil sahəsində bu texnologiyanın müəllimi tam əvəz etməsi hələ real görünməsə də, əsas dəyişiklik müəllimlərin iş üsullarında olacaq:
"Süni intellekt gələcəkdə bir çox sahələri tamamilə əvəz edə biləcək. Bu qaçılmaz prosesdir. Amma təhsil sahəsində müəllimi tam əvəz etməsi yaxın perspektivdə mümkün görünmür. Bununla belə, süni intellektdən istifadə edə bilməyən müəllimlərin gələcəkdə peşə fəaliyyətində çətinliklərlə üzləşəcəyi qaçılmazdır", – deyə ekspert bildirib.
Onun sözlərinə görə, süni intellekt müəllimlərin iş yükünü azaltmaq, dərs planlarının hazırlanmasını asanlaşdırmaq, şagirdlərin bilik səviyyəsinə uyğun fərdi tədris imkanları yaratmaq və məktəblərin idarə olunmasını daha səmərəli təşkil etmək baxımından mühüm potensiala malikdir.
"Risklərdən çox imkanlara fokuslanmalıyıq"
Osman Gündüz hesab edir ki, Azərbaycanda əsas prioritet süni intellektin təhlükələri deyil, ondan maksimum faydalanma yollarının müəyyənləşdirilməsi olmalıdır:
"Süni intellektin hüquqi tənzimlənməsi və riskləri ilə bağlı müzakirələri daha böyük dövlətlər aparacaq. Bizim üçün əsas sual budur: uşaqlarımız bu texnologiyadan nə dərəcədə səmərəli istifadə edə biləcək? Məktəbimiz və təhsil sistemimiz bundan necə faydalanacaq?" – deyə o bildirib.
Ekspertin fikrincə, bu istiqamətdə geridə qalmaq Azərbaycanın gələcək rəqabət qabiliyyətinə də mənfi təsir göstərə bilər.
"Əgər uşaqlarımız və gənclərimiz süni intellekt imkanlarından istifadə etməyi bacarmasalar, region ölkələri ilə müqayisədə geri qalacağıq. Buna görə də diqqəti risklərə deyil, bilik və bacarıqların artırılmasına yönəltməliyik", – deyə Osman Gündüz vurğulayıb.
Ekspert məktəblərdə rəqəmsal infrastrukturla bağlı vəziyyəti də qənaətbəxş qiymətləndirib. Onun sözlərinə görə, hazırda ölkədə orta hesabla altı şagirdə bir kompüter düşməsi beynəlxalq müqayisədə mənfi göstərici hesab olunmur:
"Avropanın bəzi inkişaf etmiş ölkələrində də vəziyyət bundan yaxşı deyil. Əsas məsələ kompüterlərin sayından çox, onların necə istifadə olunmasıdır. Məktəblərdə kompüter sinifləri və laboratoriyalar fəaliyyət göstərir. Vacib olan onların qapalı qalması yox, şagirdlərin həmin imkanlardan sərbəst yararlana bilməsidir", – deyə o bildirib.
Osman Gündüz qeyd edib ki, məktəblərin 63 faizinin genişzolaqlı internetlə təmin olunması nəticəsində şagirdlərin təxminən 82 faizi internetə çıxış əldə edib:
"İndi əsas vəzifə kompüter, internet və süni intellekt imkanlarından dərs prosesində nə dərəcədə səmərəli istifadə olunduğunu izləməkdir. Hesab edirəm ki, bu mövzu jurnalistlər üçün də vacib araşdırma istiqamətlərindən biri olmalıdır", – deyə ekspert əlavə edib.
O bildirib ki, növbəti mərhələdə məktəblərdə kompüter parkının yenilənməsi, texniki bazanın gücləndirilməsi və hər şagirdə düşən kompüter sayının artırılması da diqqətdə saxlanılmalıdır.
Qeyd edək ki, dünya təcrübəsində süni intellekt müəllimi tam əvəz etmir. UNESCO və bir sıra inkişaf etmiş ölkələrin təhsil modellərində AI əsasən müəllimin işini asanlaşdıran, fərdiləşdirilmiş təhsili dəstəkləyən və inzibati yükü azaldan köməkçi alət kimi tətbiq olunur.
Gülbəniz Hüseynli / Metbuat.az