“Qalatasaray” İtaliyadan iki ulduz transfer edir
Yeni mövsüm öncəsi transfer fəaliyyətini sürətləndirən “Qalatasaray” İtaliya A Seriyasında çıxış edən iki ulduz futbolçunu heyətinə qatmağa yaxındır. Söhbət "Milan"ın hücumçusu Rafael Leao və "Yuventus"un müdafiəçisi Bremerdən gedir.
Metbuat.az xəbər verir ki, İtaliya mətbuatının yaydığı məlumata görə, sarı-qırmızılılar hər iki futbolçu ilə şəxsi müqavilə şərtləri üzrə razılıq əldə edib.
Hazırda danışıqlar oyunçuların klubları ilə davam edir.
Bildirilir ki, “Milan” Rafael Leao üçün təxminən 50 milyon avro tələb edir. “Qalatasaray”ın isə portuqaliyalı futbolçuya hazırkı maaşından iki dəfə çox - illik 10 milyon avro təklif etdiyi iddia olunur.
Braziliyalı mərkəz müdafiəçisi Bremer üçün də İstanbul təmsilçisi ciddi addımlar atıb. Məlumata görə, futbolçuya illik 8 milyon avro maaş təklif edilib. Onun müqaviləsində 58 milyon avroluq sərbəstqalma maddəsi olsa da, “Yuventus”un 50 milyon avro civarında gələcək təklifləri dəyərləndirə biləcəyi bildirilir.
Transferlərin yaxın günlərdə yekunlaşacağı və “Qalatasaray” rəhbərliyinin hər iki keçidi rəsmiləşdirmək üçün danışıqları intensiv şəkildə davam etdirdiyi vurğulanır.