Gündəm

​Ölüm bu ucalığın qarşısında aciz qalır…

Metbuat.az

Bizim coğrafiyada torpaq sadəcə üzərində gəzdiyimiz coğrafi məkan deyil; o, qanla sulanan, canla qorunan Vətəndir. Azərbaycan xalqı üçün “Şəhid” anlayışı sadəcə bir hərbi termin və ya rütbə deyil, bir millətin mənəviyyat zirvəsi, müqəddəs and yeridir.

Əsrlərdir dəyişməyən bu anlayış xüsusilə 2016-cı ilin Aprel döyüşləri, 12 iyul Tovuz döyüşləri və 2020-ci ildə gerçəkləşən 44 günlük Vətən müharibəsindən sonra bizim üçün min qat artıq dəyər qazandı. Otuz illik yurd həsrətinə son qoyan o savaş, şəhidliyin bədəlini də, şərəfini də könüllərimizə əbədi həkk etdi.

İllərdir Azərbaycanda hər bir şəhidin dəfni sadə bir vida mərasimi deyil, bütöv bir millətin ayağa qalxdığı, tarixin yaddaşına qızıl hərflərlə yazılan izdihamlı bir şərəf yürüşüdür. Bir ananın fəryadı minlərlə insanın nidasına qarışır, bir atanın bükülən beli xalqın məğrur duruşu ilə dikəlir. Şəhidlərimiz son mənzilə uğrunda canını fəda etdiyi insanların çiyinlərdə, sonu görünməyən insan selinin dilindən qopan "Şəhidlər ölməz, Vətən bölünməz!" sədaları altında yola salınır. O izdihamda kədərlə qürur elə qovuşur ki, ölüm özü belə bu ucalığın qarşısında aciz qalır.

Və o müqəddəs məzarlıqlar... Şəhidlərimizin əbədi uyuduğu o torpaqlarda zaman dayanır, amma bir şey heç vaxt dayanmır: göylərə ucalan o iki bayraq bu gün Azərbaycanın hər bir şəhid məzarlığında qürurla dalğalanır. Biri canımızın, digəri qanımızın rəngi. Çanaqqaladan Qarabağa uzanan o ortaq taleyimiz, bu gün o məzarlıqlarda rüzgara meydan oxuyan ay-ulduzlu bayraqların timsalında özünü tapır.

Bakıdan Kəlbəcərə, Şuşadan Gəncəyə qədər hər şəhid məzarının başında dalğalanan o al bayraq, sadəcə bir dəstək nişanəsi deyil. O bayraq, acımızın da, sevincimizin də, gələcəyimizin də bir olduğunun əbədi möhrüdür. Şəhidlərimiz Vətən torpağının köksündə rahat uyuyurlar. Çünki bayraqlarımız dalğalandıqca qanları ilə suladıqları bu torpaq hər zaman azad və toxunulmaz qalacaq.

Və onların ruhu da həmişə şad olacaq…

Seymur Verdizadə