Netanyahu-Tramp görüşü necə keçib? -
DETALLAR
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüş keçirib. Görüşdə Türkiyəyə F-35 qırıcılarının satışı məsələsinin müzakirə olunmadığı açıqlanıb.
Metbuat.az xəbər verir ki, Ağ Evdə baş tutan və 75 dəqiqə davam edən qapalı görüşdən əvvəl və sonra tərəflər mətbuata açıqlama verməyiblər.
Ağ Evin sözçüsü Karolin Livitt görüşün “məhsuldar və müsbət” keçdiyini bildirib. Netanyahunun kommunikasiya direktoru Tsipi Hotoveli isə İsrailin ABŞ-ni İran məsələsində hansısa istiqamətə yönləndirməyə çalışdığı iddialarını təkzib edib.
O, həmçinin İsrailin etiraz etdiyi ABŞ-nin Türkiyəyə F-35 qırıcılarının satışı məsələsinin görüş zamanı müzakirə edilmədiyini vurğulayıb.
Görüşdən sonra videomüraciət yayımlayan Netanyahu Trampla indiyədək keçirdiyi ən yaxşı görüşlərdən birinin baş tutduğunu iddia edib. Onun sözlərinə görə, tərəflər İranın nüvə silahına sahib olmamasının vacibliyi və digər regional məsələlərdə ortaq mövqe nümayiş etdiriblər.
Qeyd edək ki, Donald Tramp bundan əvvəl Türkiyəyə F-35 satışı ilə bağlı etirazlara cavab olaraq, “Heç kim mənə nəyi satıb-satmamalı olduğumu deyə bilməz. Türkiyə bizim böyük müttəfiqimizdir, Ərdoğan isə mənim dostumdur”, - demişdi.