Gündəm

​“Nə yetərli təhsili, nə də geniş dünyagörüşü var”

Metbuat.az

“Media fenomenlərinin müəyyən bir hissəsinin nə yetərli təhsili, nə də geniş dünyagörüşü var. Təbii ki, bu fikri bütün media fenomenlərinə aid etmək düzgün olmaz, çünki onların arasında cəmiyyətə faydalı məlumatlar verən, maarifləndirici fəaliyyət göstərən və öz auditoriyasına müsbət təsir edən insanlar da var. Lakin bəzi hallarda müşahidə edirik ki, kifayət qədər bilik və peşəkar hazırlığı olmayan şəxslər belə sosial şəbəkələrdə çox böyük təsir gücünə sahib olurlar”.

Metbuat.az xəbər verir ki, bu sözləri “Xəbər Ertəsi” verilişinin qonağı olan deputat Ceyhun Məmmədov deyib. Millət vəkili qeyd edib ki, bu gün sosial media elə bir platformaya çevrilib ki, burada bir paylaşım, bir video və ya bir fikir qısa zaman ərzində minlərlə, hətta milyonlarla insana çata bilir. Onun sözlərinə görə, bunun həm müsbət, həm də mənfi tərəfləri var: “Müsbət tərəfi odur ki, faydalı məlumatlar daha sürətlə yayılır və insanlar məlumat əldə etmək imkanını genişləndirirlər. Lakin mənfi tərəfi ondan ibarətdir ki, bəzən kifayət qədər araşdırılmamış, emosional və ya səthi yanaşmalar da geniş auditoriyaya təsir göstərir və ictimai rəyin formalaşmasında ciddi rol oynayır.

Məsələn, bir neçə gün əvvəl Azərbaycanda baş verən bir məhkəmə prosesi ətrafında yaranmış vəziyyəti müşahidə etdik. Mən məsələnin detallarına toxunmaq istəmirəm, çünki burada əsas məsələ hadisənin özü deyil. Diqqət çəkən məqam ondan ibarətdir ki, demək olar bütün sosial media platformaları və geniş ictimaiyyət həmin mövzunu müzakirə etməyə başladı. İnsanlar müxtəlif fikirlər səsləndirir, müxtəlif mövqelər nümayiş etdirirdilər və mövzu çox sürətlə gündəmin əsas məsələsinə çevrildi.

Bu isə müəyyən mənada ciddi narahatlıq yaradan bir vəziyyətdir. Çünki bəzi hallarda insanların diqqəti cəmiyyət üçün daha vacib və uzunmüddətli əhəmiyyət daşıyan məsələlərdən yayınaraq daha çox emosional və gündəlik mövzulara yönəlir. İctimai rəyin formalaşmasında məsuliyyətli yanaşma, məlumatın düzgün təhlili və sağlam düşüncə hər zaman əsas amillərdən biri olmalıdır”.