Maraqlı

Nadir tibbi hadisə:

Beynində 38 parazitlə yaşayır

Metbuat.az

Böyük Britaniyada yaşayan qadının beynində 38 parazit aşkar edilib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, həkimlər hesab edirlər ki, o, infeksiyaya illər əvvəl Hindistana etdiyi səfər zamanı tenya yumurtaları ilə çirklənmiş qida qəbul etdikdən sonra yoluxub.

BBC-nin məlumatına görə, xəstəliyin ilk əlamətləri səfərdən bir neçə il sonra özünü göstərib. Qadında əvvəlcə həzm sistemi ilə bağlı problemlər yaranıb, daha sonra isə güclü baş ağrıları və epileptik tutmalar başlayıb. Aparılan beyin müayinələri nəticəsində onun beynində 38 parazit müəyyən edilib.

Pasiyent antiparazitar preparatlar və steroidlərlə müalicə olunub. Sonradan bir müddət nevropsixiatriya şöbəsində də müalicə alan qadının vəziyyəti stabilləşib. O, hazırda normal həyatına qayıtsa da, ömürboyu epilepsiya əleyhinə dərman qəbul etməli olacaq.

Mütəxəssislərin sözlərinə görə, bu, infeksion xəstəliklər sahəsində son dərəcə nadir rast gəlinən hallardan biridir və əksər həkimlər peşə fəaliyyətləri ərzində belə bir xəstə ilə qarşılaşmırlar.