Müxalif bələdiyyə sədrləri Ərdoğanı seçdi
Türkiyədə müxalifət düşərgəsindən seçilmiş daha dörd bələdiyyə sədrinin hakim Ədalət və İnkişaf Partiyasına (AKP) keçəcəyi gözlənilir. Məlumata görə, yaxın günlərdə keçiriləcək rəsmi mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğan həmin bələdiyyə sədrlərinə şəxsən partiya nişanlarını təqdim edəcək.
Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, AKP sıralarına qoşulacaq şəxslər Gökhan Yüksel, Eren Ali Bingöl və Orhan Çerkez olacaq. Bundan başqa, CHP-dən istefa verən Şilə bələdiyyə sədrinin səlahiyyətlərini icra edən Sacit Terzinin də AKP-yə keçəcəyi bildirilir. Məlumata əsasən, bu keçidlərin avqustun 14-də Prezident Ərdoğanın iştirakı ilə rəsmiləşdirilməsi planlaşdırılır.
Müxalifət düşərgəsində bu iddialar ciddi narazılıq doğurub. Siyasi dairələrdə partiya dəyişikliklərinin seçicilərin etimadına və yerli idarəetmədə siyasi balansın gələcəyinə mümkün təsirləri geniş müzakirə edilir. Hələlik adı çəkilən bələdiyyə sədrləri tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.