"Milli mətbuat Zərdabinin missiyasını uğurla davam etdirir" -
Cavanşir Feyziyev
"Azərbaycan mətbuatı ötən əsrlər ərzində yalnız informasiya daşıyıcısı kimi deyil, həm də xalqın milli yaddaşını yaşadan, maarifçilik ideyalarını yayan və dövlətçilik düşüncəsini möhkəmləndirən mühüm institut kimi formalaşıb".
Bu fikirləri Metbuat.az-a Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib. Deputat qeyd edib ki, 1875-ci il iyulun 22-də nəşrə başlayan "Əkinçi" qəzeti Azərbaycan xalqının maariflənməsində, milli kimliyin möhkəmlənməsində və ictimai fikrin inkişafında yeni mərhələnin əsasını qoyub:
"Cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, "Əkinçi" milli mətbuatın əsas prinsiplərini formalaşdırdı. Sonrakı dövrdə nəşr olunan "Ziya", "Kəşkül", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin", "Açıq söz" kimi mətbuat orqanları bu ənənəni uğurla davam etdirərək ana dilinin qorunmasına, milli-mənəvi dəyərlərin təbliğinə və milli azadlıq ideyalarının yayılmasına misilsiz töhfələr verdilər.
Müstəqillik illərində Azərbaycan mediası keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatlar medianın inkişafı üçün möhkəm hüquqi və institusional baza formalaşdırdı. Xüsusilə 1998-ci ildə dövlət senzurasının ləğvi milli mətbuat tarixində dönüş nöqtəsi oldu və ölkədə söz və mətbuat azadlığının inkişafına geniş imkanlar yaratdı. Sonrakı dövrdə qanunvericiliyin təkmilləşdirilməsi, medianın iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin artırılması peşəkar jurnalistikanın inkişafına ciddi töhfə verdi".
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə media sahəsində həyata keçirilən islahatlar bu siyasətin ardıcıl və sistemli şəkildə davam etdirildiyini göstərir:
"Medianın İnkişafı Agentliyinin yaradılması, "Media haqqında" Qanunun qəbul edilməsi, media subyektlərinə tətbiq olunan vergi güzəştləri, jurnalistlərin güzəştli ipoteka imkanlarından yararlanması və Media və Yayım Şurasının yaradılması istiqamətində atılan addımlar müasir media mühitinin daha çevik və səmərəli fəaliyyət göstərməsinə xidmət edir. Bütün bunlar onu göstərir ki, Azərbaycanda medianın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir".
Cavanşir Feyziyev vurğulayıb ki, rəqəmsallaşma və süni intellekt dövründə media qarşısında yeni vəzifələr dayanır:
Sosial media platformalarının təsirinin artması, dezinformasiyaya qarşı mübarizə, informasiya təhlükəsizliyinin təmin edilməsi, süni intellekt texnologiyalarının tətbiqi və media savadlılığının yüksəldilməsi günümüzün əsas çağırışlarıdır. İnternet mediasının inkişafı Azərbaycan mediasını qlobal informasiya məkanının ayrılmaz hissəsinə çevirərək onu beynəlxalq rəqabət mühitinə çıxarır. Azərbaycan mediasının son illərdə qazandığı ən böyük uğurlardan biri 44 günlük Vətən müharibəsi dövründə nümayiş etdirdiyi peşəkarlıq olub.
Millət vəkili qeyd edib ki, jurnalistlər yalnız hadisələri işıqlandırmadılar, eyni zamanda informasiya cəbhəsində Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıraraq düşmənin dezinformasiya kampaniyasına qarşı uğurlu mübarizə apardılar:
"Postmüharibə dövründə azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin, Qarabağ həqiqətlərinin və Azərbaycanın beynəlxalq təşəbbüslərinin dünya ictimaiyyətinə çatdırılmasında media mühüm missiya yerinə yetirir. Azərbaycan-Türkiyə media əməkdaşlığı isə ortaq informasiya məkanının formalaşmasına mühüm töhfə verir".
Deputatın fikrincə, bu gün Azərbaycan mediası yalnız informasiya yayan vasitə deyil, milli maraqların qorunmasına xidmət edən strateji institut kimi çıxış edir:
"Azərbaycan mediası dövlətlə cəmiyyət arasında etibarlı körpü, informasiya təhlükəsizliyinin mühüm elementi və müasir dövlət quruculuğunun fəal iştirakçısıdır. Qarşıdakı dövrdə də peşəkarlıq, obyektivlik, milli məsuliyyət və vətənpərvərlik prinsiplərinə sadiq qalan Azərbaycan jurnalistikası Həsən bəy Zərdabinin əsasını qoyduğu müqəddəs missiyanı uğurla davam etdirəcək və ölkəmizin beynəlxalq informasiya məkanındakı mövqelərinin daha da möhkəmlənməsinə töhfə verəcək.
Bütün media nümayəndələrini təbrik edib, onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları və peşə fəaliyyətlərində yeni nailiyyətlər arzulayıram".
Gülbəniz Hüseynli / Metbuat.az