Məktəblərdə böyük dəyişiklik:
Kağız jurnallar tarixə qovuşur, növbə regionlardadır
"Azərbaycanda ümumtəhsil məktəblərinin rəqəmsallaşdırılması istiqamətində görülən işlər genişlənir. Hazırda ölkədə ümumtəhsil məktəblərinin 63 faizi yüksəksürətli internetlə təmin olunub. Bu məktəblərdə isə ölkə üzrə şagirdlərin təxminən 80 faizi təhsil alır".
Bu fikirləri Metbuat.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov STEAM İnnovasiya Mərkəzində keçirilən "Təhsildə rəqəmsallaşma" mövzusunda təlim-müzakirə sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, internet infrastrukturunun inkişafı tədrisin keyfiyyətinə və məktəblərin idarə olunmasına birbaşa müsbət təsir göstərir:
"Məktəblərdə internet infrastrukturunun genişləndirilməsi həm təhsilin idarə olunmasına, həm də tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə mühüm dəstək verir. Növbəti mərhələdə bütün təhsil müəssisələrinin etibarlı və sürətli internetə çıxışının təmin olunması istiqamətində işlər davam etdiriləcək", – deyə V.Xanlarov bildirib.
İdarə rəisi qeyd edib ki, tədbirin məqsədi media nümayəndələrini təhsildə rəqəmsal transformasiya, həyata keçirilən layihələr və gələcək hədəflərlə tanış etməkdir:
"Təhsil sistemində tətbiq olunan rəqəmsal həllər üzərində qurulan süni intellekt alətləri barədə iştirakçılara ətraflı məlumat verilib. Məqsədimiz görülən işlər və qarşıdakı planlar barədə ictimaiyyəti daha dolğun məlumatlandırmaqdır. Platformanın əhatə dairəsi genişləndirildikdən sonra istifadəçilərin sayının təxminən 2 milyona çatacağı gözlənilir", – deyə o vurğulayıb.
Vüsal Xanlarov xatırladıb ki, 2025-ci ilin sentyabr ayından Bakı məktəblərində istifadəyə verilən "Rəqəmsal məktəb" platforması müəllimləri, şagirdləri, valideynləri və məktəb rəhbərlərini vahid rəqəmsal mühitdə birləşdirir. Onun sözlərinə görə, platformada toplanan məlumatlar əsasında artıq süni intellekt həlləri də tətbiq edilir:
"2026-cı ilin fevral ayından müəllimlər üçün dərs planlarının hazırlanması və tədris prosesinin təşkili məqsədilə süni intellekt əsaslı alətlər istifadəyə verilib. Tədris ilinin sonuna yaxın isə şagirdlər üçün süni intellekt əsaslı mentor sistemi tətbiq olunub. Bu alətlər müəllim və şagirdlərin tədris prosesində daha səmərəli fəaliyyət göstərməsinə imkan yaradır", – deyə Vüsal Xanlarov bildirib.
Onun sözlərinə görə, növbəti tədris ilindən "Rəqəmsal məktəb" platformasının region məktəblərində də tətbiqinə başlanılacaq.
"Bununla Bakı ilə yanaşı, bölgələrdə təhsil alan şagirdlər və müəllimlər də süni intellekt əsaslı rəqəmsal imkanlardan yararlana biləcəklər. Platforma məktəblərdə idarəetmə və sənəd dövriyyəsinin də tam elektronlaşdırılmasına şərait yaradıb.
Hazırda Bakı məktəblərində kağız jurnallardan istifadə dayandırılıb. Qiymətləndirmə və digər qeydlər elektron jurnallarda aparılır. Məktəb rəhbərlərinin əmrləri də elektron sistem üzərindən rəsmiləşdirilir. Bu isə məlumatların daha səmərəli idarə olunmasına və data əsaslı qərarların qəbuluna imkan yaradır", – deyə o qeyd edib.
Vüsal Xanlarov təhsil sənədlərinin rəqəmsallaşdırılması istiqamətində atılan addımlardan da danışıb:
"Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təhsil haqqında dövlət sənədləri mərhələli şəkildə yalnız elektron formada təqdim olunacaq. Artıq ilk elektron diplom təqdim edilib. Yaxın günlərdə elektron diplom və attestatlar "MyGov" platformasında da əlçatan olacaq. Təhsil müəssisəsi məzun haqqında məlumatları sistemdə təsdiqlədikdən sonra elektron sənəd avtomatik formalaşacaq. Bu, sənədlərin operativ təqdim olunmasına və elektron qaydada yoxlanılmasına imkan yaradacaq", – deyə Nazirlik rəsmisi qeyd edib.
Gülbəniz Hüseynli / Metbuat.az