Sosial

Lənkəran sakininin həyətinə zərərvericilər daraşdı -

VİDEO

Metbuat.az

Lənkəranda meyvə ağacları Amerika ağ kəpənəyinin hücumuna məruz qalıb.

Bu barədə Metbuat.az-ın qaynar xəttinə rayonun Liman şəhər sakini İdrak Mustafayev müraciət edib.

Zərərçəkən bildirib ki, qonşuluqdakı tut ağacında yaranan zərərverici qısa müddətdə kütləvi şəkildə yayılaraq onun həyətindəki meyvə ağaclarına, həyətinə daraşıb. Sakin vəziyyətin getdikcə ağırlaşdığını və ağacların zərər gördüyünü qeyd edib.

Məsələ ilə bağlı Metbuat.az-ın sorğusunu cavablandıran Aqrar Xidmətlər Agentliyinin rəsmisi Murtuzəli Hacıyev bildirib ki, vətəndaşlar belə hallarda Agentliyin rayon bölmələrinə müraciət etməlidirlər.

Onun sözlərinə görə, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin ölkənin bütün rayonlarında fəaliyyət göstərən yerli bölmələri mövcuddur:

“Həmin bölmələrdə çalışan mütəxəssislər müraciət əsasında əraziyə baxış keçirir, zərərvericinin növünü müəyyənləşdirir və ona qarşı tətbiq olunmalı mübarizə tədbirləri barədə vətəndaşlara ətraflı tövsiyələr verirlər. Ümumiyyətlər, fitosanitar vəziyyət daim nəzarətdə saxlanılır və zərərvericilərin yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlər görülür”.

Agentlik rəsmisinin sözlərinə görə, qurumun əsas fəaliyyət istiqamətlərindən biri də əhali arasında fitosanitar maarifləndirmə işlərinin aparılmasıdır:

“Vətəndaşlar həyətlərində və ya təsərrüfat sahələrində ağac və bitkilərdə hər hansı zərərverici müşahidə etdikdə, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin rayon bölmələrinə müraciət edə bilərlər. Bu bölmələr Dövlət Aqrar İnkişaf Mərkəzlərinin inzibati binalarında yerləşir və müraciətlər əsasında mütəxəssislər yerində baxış keçirərək zərərvericiyə qarşı mübarizə ilə bağlı peşəkar məsləhət və tövsiyələr təqdim edirlər”.

Qeyd edək ki, vətəndaşın saytımıza müraciətindən sonra onun həyətində Aqrar Xidmətlər Agentliyinin Lənkəran rayon Bitki Mühafizə Mərkəzinin mütəxəssisləri tərəfindən fitosanitar müşahidələr aparılıb. Nəticədə qeyd olunan ərazidə mütəxəssislər tərəfindən kimyəvi mübarizə tədbirləri icra edilərək, ərazi zərərvericilərdən təmizlənib.

Kənd Təsərrüfatı Nazirliyindən onu da bildirilib ki, Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri intensiv şəkildə davam etdirilir.