Maraqlı

Kiyevdən qayıtdıqdan cəmi bir gün sonra öldü -

Lindsi Qremin ölümündə diqqətçəkən detallar

Metbuat.az

ABŞ-nin Cənubi Karolina ştatını təmsil edən respublikaçı senator Lindsi Qrem 71 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, senatorun ofisinin yaydığı məlumata görə, Lindsi Qrem 11 iyul axşamı qısa sürən qəfil xəstəlikdən sonra dünyasını dəyişib. Ailəsi ictimaiyyətdən bu ağır günlərdə onların şəxsi həyatına hörmətlə yanaşmağı və dua etməyi xahiş edib.

ABŞ mediasının məlumatına görə, hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları senatorun evində ürəyin dayanması ilə bağlı reanimasiya tədbirləri həyata keçiriblər. İlkin məlumatlarda ürək tutması ehtimalı irəli sürülsə də, sonradan məhkəmə-tibbi ekspertizasının ilkin rəyində ölüm səbəbinin aterosklerozla əlaqəli aorta disseksiyası (aortanın daxili qatının cırılması) olduğu bildirilib. Yekun ölüm səbəbi əlavə toksikoloji və laborator analizlərdən sonra açıqlanacaq.

Qremin yaxın əməkdaşları onun ölümündən əvvəl səhhətində ciddi problem müşahidə edilmədiyini, hətta ertəsi gün NBC telekanalının proqramında iştirak etməsinin planlaşdırıldığını bildiriblər.

Lindsi Qrem 2003-cü ildən ABŞ Senatında fəaliyyət göstərirdi və Respublikaçılar Partiyasının xarici siyasət üzrə ən nüfuzlu simalarından biri, həmçinin ABŞ Prezidenti Donald Trampın yaxın siyasi müttəfiqlərindən hesab olunurdu.

ABŞ Prezidenti Donald Tramp Qremi "tanıdığı ən böyük senatorlardan biri və əsl Amerika vətənpərvəri" adlandıraraq onun itkisini böyük itki kimi qiymətləndirib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, Lindsi Qrem "azadlığın və dünyanı daha təhlükəsiz edən dəyərlərin sadiq müdafiəçisi" idi. Onun sözlərinə görə, senator Ukraynaya 10 dəfə səfər edib və Kiyevlə daim sıx əlaqə saxlayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu da Qremin ölümünü şərh edərək, "İsrail ən sadiq dostlarından birini, Amerika isə böyük vətənpərvərini itirdi. Mən isə yaxın dostumu itirdim", - deyə bildirib.

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin isə Qremin siyasətinin ABŞ-Rusiya münasibətlərinə müsbət təsir göstərmədiyini desə də, hər bir insanın vəfatının başsağlığı və mərhəmət hissi doğurduğunu vurğulayıb.

Lindsi Qrem ölümündən cəmi bir gün əvvəl Ukraynadan ABŞ-a qayıtmışdı. Kiyevdə səfəri zamanı o, jurnalistlər qarşısında çıxış edib, pilotsuz uçuş aparatlarına qarşı istifadə olunan P1-SUN interceptor sistemi ilə görüntülənmişdi.

Səfər zamanı senator Rusiyaya qarşı yeni, daha sərt sanksiyalar paketinin hazırlanacağını açıqlamışdı. Onun sözlərinə görə, qanun layihəsi Rusiyanın neft və qazını alan ölkələri də hədəf alacaqdı.

Lindsi Qrem xüsusilə Rusiya-Ukrayna müharibəsi dövründə Moskvanı sərt tənqid edən amerikalı siyasətçilərdən biri idi. O, Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinin tərəfdarı olub, Rusiyanın "terrorizmi dəstəkləyən dövlət" kimi tanınmasını təklif edib və Vladimir Putinə qarşı sərt bəyanatları ilə gündəmə gəlib.