Ölkə

İsmayıllıda "Bir Ekran Ümid" layihəsi həyata keçirilir

Metbuat.az

İsmayıllıda "Bir Ekran Ümid" layihəsinin ikinci mərhələsi davam edir.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, İsmayıllı rayonunda gənc təşəbbüskar İsmayıl Faxtiyevin müəllifi olduğu "Bir Ekran Ümid" layihəsinin ikinci mərhələsi çərçivəsində ucqar kəndlərdə yaşayan uşaqlar və sakinlər üçün açıq hava kino nümayişləri təşkil olunur.

Məqsəd kino təcrübəsini hər kəs üçün əlçatan etmək, uşaqların asudə vaxtının səmərəli təşkilinə töhfə vermək və onları Azərbaycan kinosu ilə daha yaxından tanış etməkdir. Layihənin ikinci mərhələsinin növbəti dayanacağı İsmayıllı rayonunun Köhnədaxar kəndi olub. Kənddə təşkil olunan açıq hava kino nümayişi uşaqlar və kənd sakinləri tərəfindən böyük maraqla qarşılanıb. Ekran önündə yaşanan sevinc dolu anlar layihənin sosial əhəmiyyətini və insanlar arasında yaratdığı həmrəylik mühitini bir daha nümayiş etdirib.

Qeyd edək ki, "Bir Ekran Ümid" layihəsi ucqar yaşayış məntəqələrində də kino sevincini yaşatmaq məqsədilə növbəti kəndlərdə də davam etdiriləcək.

Davud Tarverdiyev / Metbuat.az