Siyasət

FETÖ fəaliyyət göstərdiyi bütün ölkələr üçün təhlükədir -

Birol Akgün

Metbuat.az

"2016-cı il iyulun 15-nə keçən gecə dövlətimizin ən həssas qurumlarına sızan xain bir təşkilat konstitusiya quruluşunu devirməyə və ölkəmizi xaosa sürükləməyə cəhd göstərdi. Özünü təhsil, din və ya vətəndaş cəmiyyəti adı altında gizlədən bu beynəlxalq cinayət təşkilatı təkcə Türkiyə yox, fəaliyyət göstərdiyi bütün ölkələr üçün ciddi milli təhlükəsizlik təhdididir".

Metbuat.az xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün 15 iyul - Demokratiya və Milli Birlik günü münasibəti ilə keçirilən tədbirdə deyib.

O bildirib ki, FETÖ təkcə təbliğatla deyil, həm də məkrli planlar, aldatma və casusluq üsulları ilə fəaliyyət göstərən təhlükəli bir təşkilatdır:

"Unudulmamalıdır ki, bu qurumun yeganə hədəfi Türkiyə deyil. Onlar xüsusilə xaricdə dost görkəmi altında aramıza sızmağa, nüfuz qazanmağa və çirkli məqsədlərinə xidmət edən fəaliyyətlərini davam etdirməyə çalışırlar. Buna görə də hamımız hər zaman ayıq-sayıq olmağa borcluyuq".

"Türkiyə Respublikası beynəlxalq hüquqdan irəli gələn hüquqlarına əsaslanaraq, dövlət və millət birliyi ilə bu məkrli terror təşkilatına qarşı ölkə daxilində və xaricdə apardığı uzunmüddətli mübarizəni qətiyyətlə davam etdirəcək. Xaricdə fəaliyyət göstərən nümayəndələr olaraq biz də bu təhlükəni bütün dünyaya anlatmağa davam edəcəyik. 15 İyul qəhrəmanları canları bahasına göstərdilər ki, türk milləti öz müstəqilliyinə qəsd edən daxili və xarici hər hansı cəhd qarşısında əsla təslim olmayacaq. Bu əlamətdar gündə demokratiya və müstəqillik uğrunda mübarizə aparan əziz millətimizin hər bir nümayəndəsinə səmimi minnətdarlığımı bildirir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə sağlam və uzun ömür arzulayıram", - deyə səfir əlavə edib.