Dünya

Dünya çempionatında məşhurlaşmışdı, bu kluba keçir

Metbuat.az

2026-cı il dünya çempionatında parlaq çıxışı ilə futbolsevərlərin rəğbətini qazanan Yaşıl Burun Adaları millisinin qapıçısı Vozinhanın yeni klubu müəyyənləşib.

Metbuat.az xəbər verir ki, 40 yaşlı qolkiper karyerasını Çilidə davam etdirəcək. Son olaraq Portuqaliyanın II Liqasında çıxış edən təcrübəli qapıçı Cənubi Amerikanın köklü klublarından olan "Colo Colo" ilə bir illik müqavilə imzalayıb.

Məlumata görə, Vozinha yeni klubunda illik 800 min ABŞ dolları qazanacaq. Yaxın günlərdə onun azarkeşlər qarşısında rəsmi təqdimat mərasiminin keçiriləcəyi gözlənilir.

Dünya çempionatının ən böyük sürprizlərindən biri hesab edilən Yaşıl Burun Adaları millisinin heyətində çıxış edən Vozinha ilk oyunda İspaniyaya qarşı yeddi uğurlu qurtarış edərək diqqət mərkəzinə düşmüşdü. Təxminən 530 min əhalisi olan ada dövləti turnirin favoritlərindən sayılan İspaniyadan xal almaqla ölkə futbolu tarixinin ən yaddaqalan nəticələrindən birinə imza atmışdı.

Qolkiperin mundialdakı uğurlu performansı onun sosial şəbəkələrdə də populyarlığını xeyli artırıb. Belə ki, Vozinhanın izləyicilərinin sayı qısa müddətdə 50 mindən 29,5 milyona yüksəlib.