Dondurma satmaq üçün qadınları alçaltmağa dəyərdimi?
Qadınlar üzərindən reklam siyasəti yeni məsələ deyil. İllərdir reklam sənayesi qadını müəyyən qəliblərə salıb. Bir dəfə onu mətbəxdə göstərib, bir dəfə təmizlik edən, qayğıkeş ana obrazında təqdim edib, peşəkar fəaliyyətini isə arxa plana keçirib.
Bəzən isə bunun tam əksini edib. Avtomobil, inşaat materialı, texnologiya - qadınla heç bir əlaqəsi olmayan məhsulları satmaq üçün belə qadın bədənindən istifadə olunub. Sanki diqqət çəkməyin ən asan yolu elə budur.
Kosmetika, geyim və arıqlama reklamlarında isə illərlə bizə yalnız "ideal" qadın göstərilib. Nəticədə neçə-neçə gənc qız güzgüyə baxıb özünü bəyənməyib, burnunda, dodağında, bədənində qüsur axtarmağa başlayıb. Bədən dismorfiyası kimi problemlər də elə havadan yaranmayıb.
Taleh Yüzbəyovun reklamı ilk belə nümunə deyil. Sadəcə bu dəfə insanlar susmadılar.
Orta məktəbdə burnuna, dodağına, çənəsinə və ya çəkisinə görə lağa qoyulmayan uşaq yəqin ki, çox az olub. Əlbəttə, hər hansı travmadan sonra yaranmış estetik problemi aradan qaldırmaq başqa məsələdir. Amma bir də var ifrat estetik müdaxilələr.
Bir neçə ay əvvəl estetik əməliyyatlar etmiş tanış bir xanımla şəhərdə qəhvə içməyə gedirdim. Yol boyu kişilərin baxışları, yaxınlaşmaq cəhdləri, hətta şəkil çəkmək istəyi... Özünə güvənən bir insanam, amma küçədə kişilərin o iyrənc baxışları və hərəkətləri məni çox narahat edirdi. Bir anlıq düşündüm ki, biz bunu niyə normal qəbul edirik? Maraqlısı odur ki, həmin xanım artıq buna öyrəşmişdi.
Mən fitnesslə məşğulam. Bilirəm ki, nə qədər çalışsan da, qadın bədəni sosial şəbəkələrdə gördüyümüz filtrli və estetik müdaxilələrlə yaradılmış görüntünü təbii yollarla əldə edə bilməz. Yaş, doğuş, genetika – bunlar həyatın bir hissəsidir. Təbiətlə yarışmaq isə mümkün deyil.
Sağlam qidalanmaq, idman etmək, özünə qulluq göstərmək tamam başqa məsələdir. Amma sosial şəbəkələrin yaratdığı "ideal qadın" yarışında qalib gəlmək mümkün deyil. Çünki o yarışın özü real deyil.
Bir vaxtlar deyirdilər ki, qadınların düşüncəsinə seriallar təsir edir. İndi isə hamı gözəllik bloqerlərini günahlandırır. Düzdür, onların da təsiri var. Amma məsələ təkcə onlarda deyil. Problem illərlə bizə qəbul etdirilən gözəllik standartlarındadır.
Mən estetik əməliyyatların əleyhinə deyiləm. Kim istəyir etdirər, kim istəmir etdirməz. Bu, tamamilə şəxsi seçimdir. Amma o seçimi reklam ssenarisinin mövzusuna çevirmək mənə görə doğru deyil.
Dondurmanın "təbii" olduğunu anlatmaq üçün qadınların görünüşünü müqayisə predmetinə çevirmək yaradıcı ideya deyil. Bu, asan yoldur. Ən asan yol isə çox vaxt ən zəif yoldur.
Bu hadisədən sonra videonun silinməsi bir şeyi göstərdi: artıq insanlar təkcə məhsul almırlar. Onlar brendin hansı dəyərləri təmsil etdiyinə də baxırlar. Bir qrupu alçaldaraq digərinə məhsul satmaq dövrü artıq geridə qalır.
Taleh Yüzbəyovun "Siz ali cins deyilsiniz" və "Videonu silməyəcəyəm" açıqlamaları isə müzakirənin istiqamətini dəyişdi. Məncə, burada məsələ qadınların tənqid olunub-olunmaması deyil. Əlbəttə, qadın da, kişi də yumorun mövzusu ola bilər. Problem ondadır ki, insanların şəxsi seçimləri və bədənləri kommersiya məqsədilə istifadə olunur.
Eyni zamanda aktyorun ailəsinə, həyat yoldaşına və ya qızına edilən təhqirləri də qəbul etmək olmaz. Tənqid başqa şeydir, təhqir başqa. Amma reklamın yaratdığı narazılığı görməzdən gəlib hər şeyi "despot düşüncəli insanların hücumu" kimi təqdim etmək də doğru yanaşma deyil.
Dünyada reklam sənayesi artıq dəyişir. Böyük brendlər fotoşopsuz, fərqli yaşda, fərqli bədən quruluşunda qadınları reklamlara çəkirlər. Onlar qadını sadəcə gözəl görünən biri kimi yox, lider, idmançı, sahibkar, alim və qərar verən insan kimi təqdim edirlər.
Məni sevindirən odur ki, bu dəfə qadınlar bir-birinə dəstək oldular. Amma eyni zamanda bir həqiqəti də unutmamalıyıq. Sosial media hər kəsə söz verməklə yanaşı, hər kəsə məsuliyyət də yükləyir. Bu gün diqqət qazanmaq naminə öz bədənini nümayiş etdirməyi seçənlər də var. Bu da başqa bir problemdir və onu da açıq danışmalıyıq.
Azadlıq mənim üçün sərhədsizlik deyil. Mənim azadlığım başqasının hüququnun başladığı yerdə dayanmalıdır. Əks halda ortaya azadlıq yox, xaos çıxır.
Qadının estetik əməliyyat etdirməsi də, etdirməməsi də yalnız onun qərarıdır. Reklamın işi isə bu qərarı müzakirəyə çıxarmaq yox, məhsulunu satmaqdır. Məncə, qadın bədəni üzərindən gündəm yaratmağa çalışan reklamlar artıq köhnəlib. Cəmiyyət dəyişir. Reklam da dəyişməyi bacarmalıdır.
Gülbəniz Hüseynli