Ölkə

Bu məmurları nə birləşdirir? -

Maraqlı fakt

Metbuat.az

Dövlət idarəçiliyində çalışan yüksək vəzifəli şəxslərin karyerası, təcrübəsi və məsuliyyət sahələri bir-birindən fərqlənsə də, onları birləşdirən maraqlı bir təsadüf var. Azərbaycanın siyasi, iqtisadi və strateji idarəetmə sistemində mühüm postlar tutan bir sıra tanınmış şəxslər məhz avqust ayında dünyaya gəliblər.

Təqvimə nəzər saldıqda görünür ki, ayın ilk günlərindən sonunadək dövlətin müxtəlif sahələrinə rəhbərlik edən şəxslərin doğum tarixləri ard-arda sıralanır.

Metbuat.az xəbər verir ki, bu siyahını avqustun 2-də anadan olmuş Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov açır. O, 1969-cu ildə anadan olub.

Fotoda: Kərəm Həsənov

Avqustun 7-sində ölkənin enerji sektorunda və beynəlxalq layihələrdə mühüm rol oynayan BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, bir gün sonra - avqustun 8-də isə Xankəndi, Ağdərə və Xocalıda Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov doğum gününü qeyd edəcək. Bəxtiyar Aslanbəylinin 50, Elçin Yusubovun 51 yaşı olacaq.

Fotoda: Elçin Yusubov

Avqustun 12-si isə iki tanınmış dövlət xadimini birləşdirir. Həmin gün "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Samir Rzayev və Milli Məclis sədrinin müavini Rafael Hüseynov anadan olublar. Samir Rzayev 1973, Rafael Hüseynov isə 1954-cü il təvəllüddür.

Fotoda: Samir Rzayev

Siyahı bununla bitmir. Prezident Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri Andrey Sipilin 13 avqust 1979-cu ildə, Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov 15 avqust 1977-ci ildə, Hərbi məsələlər şöbəsinin müdiri Fərid Seyidov isə 18 avqust 1980-ci ildə dünyaya gəlib.

Ayın son günlərində də eyni mənzərə davam edir. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev 24 avqust 1980-ci ildə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə 26 avqust 1977-ci ildə anadan olub.

Fotoda: Anar Əliyev

Avqustun 27-si də iki yüksək vəzifəli şəxsin doğum günüdür. Həmin tarixdə Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov (1967) və ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov (1979) dünyaya gəliblər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə də avqustda doğulub. Avqustun 26-da onun 77 yaşı tamam olacaq.

Fotoda: Şeyxülislam Allahşükür Paşazadə

Maraqlıdır ki, siyahıda Prezident Administrasiyasının rəhbər heyətinin nümayəndələri, nazirlər, dövlət şirkətlərinin rəhbərləri və beynəlxalq enerji sektorunda çalışan yüksək vəzifəli şəxs yer alır. Bu da avqust ayının təsadüfən olsa belə, Azərbaycanın idarəçilik sistemində xüsusi çəkisi olan simaların doğum tarixləri kimi yadda qalması ilə diqqət çəkir.