Ölkə

Bakıda ən ucuz evlər harada satılır?

Metbuat.az

Bakı və Abşeron yarımadasında daşınmaz əmlak bazarında qiymətlərə təsir edən əsas amillər mənzilin tipi, sənədləşmə vəziyyəti, yerləşdiyi ərazi və şəhər mərkəzinə olan məsafədir. Son dövrlərin bazar göstəriciləri göstərir ki, məhdud büdcə ilə ev almaq istəyənlər üçün ən sərfəli təkliflər əsasən paytaxtın kənar qəsəbələrində və yeni inkişaf edən yaşayış massivlərində cəmləşir.

Metbuat.az xəbər verir ki, fərdi həyət evi almaq istəyənlər üçün ən münasib qiymətlər Sabunçu və Xəzər rayonlarında qeydə alınıb. Sabunçu rayonunun Maştağa, Zabrat, Zabrat-2, Buzovna və Nardaran qəsəbələrində, eləcə də Savalan yaşayış massivində kiçik sahəli, 1-2 otaqlı həyət evlərini təxminən 15-25 min manata tapmaq mümkündür.

Xəzər rayonunda isə Binə qəsəbəsi, xüsusilə Binə sovxoz ərazisi, eləcə də Türkan, Zirə və Hövsan istiqamətində təmirli və ya yarımtəmirli kiçik həyət evləri 18-30 min manat arasında satışa çıxarılır.

Oxşar qiymətlər Abşeron və Binəqədi rayonlarında da müşahidə olunur. Masazırın yuxarı massivləri, Hökməli, Qobu, Sulutəpə və Binəqədi qəsəbəsinin bəzi ərazilərində həyət evlərinin qiyməti əsasən 20-35 min manat arasında dəyişir.

Çoxmərtəbəli binalarda yerləşən mənzillər arasında isə ən münasib qiymətlər Hövsan, Masazır, Xırdalan və Qaradağ rayonunda qeydə alınır. Hövsan qəsəbəsində, xüsusilə MİDA yaşayış komplekslərinin ətrafındakı ikinci əl bazarında 1-2 otaqlı mənzillər 50-65 min manata təklif edilir.

Xırdalan şəhəri və Masazır qəsəbəsində yeni tikililərdə təmirsiz mənzillərin bir kvadratmetrinin qiyməti təxminən 750-1000 manatdan başlayır. Bu isə infrastruktur baxımından nisbətən kənarda yerləşən binalarda 1 otaqlı təmirsiz mənzilləri 35-45 min manata almağa imkan yaradır.

Qaradağ rayonunun Lökbatan və Sahil qəsəbələrində yerləşən köhnə layihəli yaşayış binalarında isə 1 otaqlı mənzillər əsasən 45-55 min manat arasında alıcılara təklif olunur.

Mütəxəssislərin fikrincə, bazarda qiymətlər arasındakı fərq təkcə ərazidən asılı deyil. Ən aşağı qiymətə satışa çıxarılan həyət evlərinin əhəmiyyətli hissəsi çıxarışla deyil, bələdiyyə sənədi, etibarnamə və ya digər hüquqi statusla təklif olunur. Çıxarışı (kupçası) olan evlər isə eyni ərazidə yerləşsə belə, adətən 30-50 faiz daha baha satılır.

Bundan başqa, evin ictimai nəqliyyata yaxınlığı, əsas magistral yollara çıxışı, həmçinin qaz, su, işıq və kanalizasiya kimi kommunal xidmətlərlə təmin olunması da qiymətin formalaşmasına birbaşa təsir göstərən əsas amillər sırasında yer alır. Məhz buna görə mütəxəssislər alıcılara yalnız qiymətə deyil, sənədləşmə vəziyyətinə və infrastruktur imkanlarına da xüsusi diqqət yetirməyi tövsiyə edirlər.