Siyasət

Azərbaycanın sədrliyi ilə AQEM-in növbəti iclası keçirildi

Metbuat.az

İyulun 22-də Astana şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin inzibati binasında Azərbaycanın Sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Metbuat.az-a verilən məlumata görə, Komitənin iclasında Azərbaycanın “Daha güclü AQEM: rəqəmsallaşma, bağlantılar və Asiyada dayanıqlı inkişaf” mövzusunda AQEM Sədrliyi çərçivəsində üzv dövlətlər arasında etimadın gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi ilə bağlı aparılmış fəaliyyətlər müzakirə olunub.

Sədrlik tərəfindən AQEM-in beynəlxalq təşkilata transformasiyası gündəliyi üzrə gedən inkişaflar, o cümlədən müvafiq Nizamnamə layihəsi üzrə aparılan danışıqlar çərçivəsində irəliləyişlər barədə məlumat təqdim edilib və üzv dövlətlərin mövqeləri ətrafında fikir mübadiləsi aparılıb.

İclasda cari ildə Bakı şəhərində keçiriləcək AQEM Zirvə Görüşünə hazırlıq məsələləri, habelə Azərbaycan Sədrliyi tərəfindən təklif olunan Zirvə Görüşünün mümkün yekun sənəd layihələri üzrə ilkin müzakirələr baş tutub.

Bundan əlavə, Komitənin gündəliyinə uyğun olaraq AQEM Katibliyinin tərkibi və strukturunun inkişafı, onun beynəlxalq tərəfdaşlıqlarının genişləndirilməsi ilə bağlı məsələlər, eləcə də Konfransın müxtəlif əməkdaşlıq ölçüləri üzrə prioritet istiqamətlərlə bağlı konsepsiya sənədləri müzakirə olunub.

AQEM məkanında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən onun institusional inkişafı, bu çərçivədə irəli sürülmüş təşəbbüslər və baş tutmuş tədbirlər ətrafında da fikir mübadiləsi aparılıb.