Azərbaycanın qaz ixracı 5% artıb
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə təbii qaz ixracı 12,7 milyard kubmetr təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6 milyard kubmetr və ya 5% çoxdur.
Metbuat.az xəbər verir ki, Energetika Nazirliyinin məlumatına görə, hesabat dövründə ixrac olunan qazın 5,9 milyard kubmetri Avropa ölkələrinə, 4,9 milyard kubmetri Türkiyəyə (o cümlədən TANAP vasitəsilə 3 milyard kubmetr), 1,2 milyard kubmetri Gürcüstana, 0,7 milyard kubmetri isə Suriyaya göndərilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Avropaya qaz ixracı 0,2 milyard kubmetr və ya 3,3% azalsa da, Gürcüstana tədarük 9,1% artıb. Türkiyəyə ixrac isə dəyişməyib.
Avropa İttifaqının Enerji və Mənzil Məsələləri üzrə komissarı Dan Yorgensen Trend-ə müsahibəsində bildirib ki, hazırda Azərbaycanın ümumi qaz ixracının təxminən yarısı Avropa bazarının payına düşür. Onun sözlərinə görə, bu ilin yanvarında Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) ötürücülük qabiliyyəti illik əlavə 1,2 milyard kubmetr artırılıb ki, bu da 2026-cı ildə Avropaya əlavə qaz tədarükünə imkan yaradır.
Komissar qeyd edib ki, Cənub Qaz Dəhlizi Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayıb. TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstana həyata keçirilən qaz ixracı 2024-cü ilin sonunadək ölkəyə təxminən 24 milyard avro gəlir qazandırıb.
Energetika naziri Pərviz Şahbazov isə Bakı Enerji Həftəsi çərçivəsində bildirib ki, Azərbaycan hazırda 20-dən çox ölkəyə neft, 16 ölkəyə isə təbii qaz ixrac edir. Onun sözlərinə görə, bu göstərici Azərbaycanı boru kəməri ilə qaz ixracının coğrafi əhatəsinə görə dünya liderləri sırasına daxil edir.
Nazir əlavə edib ki, ötən il Azərbaycanın payına Avropa İttifaqının boru kəməri ilə qaz idxalının 8,1%-i düşüb. O, həmçinin qeyd edib ki, ötən il və cari ilin ilk dörd ayı ərzində Azərbaycan Avropaya 16,7 milyard kubmetr, Türkiyəyə 12,8 milyard kubmetr, Gürcüstana 3,3 milyard kubmetr, Suriyaya isə 800 milyon kubmetr qaz ixrac edib.