İqtisadiyyat
Azərbaycanda pensiya xərcləri artıb
Bu ilin I yarısında Azərbaycanda pensiya ödənişlərinə yönəldilən vəsait ötən ilin eyni dövrünə nisbətən 10 % (368 milyonmanat) çox olmaqla 3 milyard 916 milyon manat təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Xatırladaq ki, bu ilin əvvəlindən pensiyalar 9,3 % indeksləşdirilərək artırılıb. İyulun 1-nə pensiyaların orta aylıq məbləği illik müqayisədə 10 % artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.
Yanvar-iyun aylarında 23 000, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 201 000 pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.