Azərbaycan-Qırğızıstan müttəfiqliyi Türk dünyasına nə vəd edir? -
TƏHLİL
Azərbaycan-Qırğızıstan münasibətləri son illərdə sadəcə diplomatik yaxınlaşma mərhələsini deyil, real siyasi və strateji tərəfdaşlıq mərhələsini əhatə edir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri də bu prosesin mühüm mərhələlərindən biri kimi qiymətləndirilir.
Səfər çərçivəsində aparılan müzakirələr və imzalanan sənədlər göstərir ki, tərəflər siyasi münasibətləri iqtisadiyyat, investisiya, nəqliyyat və digər konkret sahələr üzrə əməkdaşlıqla daha da möhkəmləndirmək niyyətindədirlər.
Dövlət başçısının səfərinin yekunlarını Metbuat.az-a şərh edən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri, politoloq İlyas Hüseynov bildirib ki, səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasındakı əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsindən müttəfiqlik mərhələsinə yüksəldib.
İlyas Hüseynov bildirib ki, sənəd yalnız Azərbaycan–Qırğızıstan münasibətləri baxımından deyil, bütövlükdə Türk dünyasında siyasi və iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri, politoloq İlyas Hüseynov
“Azərbaycan son illərdə Türk Dövlətləri Təşkilatı daxilində institusional inteqrasiyanın gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Çolpon-Atada imzalanan Müttəfiqlik Müqaviləsi qarşılıqlı etimad, suverenliyə hörmət, təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, enerji və humanitar sahələrdə uzunmüddətli əməkdaşlıq üçün yeni siyasi platforma formalaşdırır.
İqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm razılaşmalar əldə olunub. Bu, investisiya, energetika, nəqliyyat, logistika, maliyyə bazarları və rəqəmsal təhlükəsizlik sahələrini əhatə edən sənədlər iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün yeni imkanlar yaradır.
Xüsusilə Azərbaycan–Qırğız İnkişaf Fondunun fəaliyyətinin genişləndirilməsi barədə İkinci Əlavə Sazişi mühüm addım kimi qiymətləndirərdim. Fond gələcəkdə sənaye, kənd təsərrüfatı, logistika, turizm və istehsal sahələrində birgə investisiya layihələrinin maliyyələşdirilməsinə imkan verə bilər”.
İlyas Hüseynovun sözlərinə görə, Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsinin hazırkı səviyyəsi mövcud potensialla müqayisədə hələ aşağıdır və qarşıdakı dövrdə bu göstəricinin artırılması üçün geniş imkanlar var:
“Bu ilin yanvar-iyun aylarında iki ölkə arasında ticarət dövriyyəsi təxminən 29 milyon ABŞ dolları təşkil edib. Halbuki 2025-ci ildə bu göstərici 77,1 milyon dollardan çox olub. İmzalanan yeni sənədlər və investisiya mexanizmlərinin genişləndirilməsi ticarət və qarşılıqlı investisiyaların artırılması üçün əlavə imkanlar yaradır. Ümumiyyətlə, yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsində imzalanan sənədlər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun – Orta Dəhlizin inkişafına töhfə verə bilər.
Azərbaycan Xəzərin qərb sahilində, Qırğızıstan isə Mərkəzi Asiyanın mərkəzində yerləşir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Xəzər üzərindən multimodal daşımalar Qırğızıstanın Avropa bazarlarına çıxış imkanlarını genişləndirir. Bu baxımdan Bakı–Bişkek əməkdaşlığı Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılması baxımından da mühüm əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.
İlyas Hüseynov hesab edir ki, Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafı yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmır. Onun fikrincə, Bakı və Bişkek arasında əlaqələrin dərinləşməsi Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid iqtisadi məkanın formalaşmasına da töhfə verə bilər.
“Azərbaycan–Qırğızıstan müttəfiqliyi siyasi həmrəyliklə yanaşı, iqtisadi inteqrasiyanın da yeni mərhələsinin əsas sütunlarından birinə çevrilə bilər. Nəqliyyat, enerji, investisiya və ticarət əlaqələrinin genişləndirilməsi Türk dünyasının iqtisadi potensialının daha səmərəli şəkildə reallaşdırılmasına imkan verəcək”, – deyə TDAM rəhbəri əlavə edib.
Siyasi şərhçi Tural İsmayılov isə Metbuat.az-a açıqlamasında qeyd edib ki, “Azərbaycan ilə Qırğızıstan arasında imzalanan müttəfiqlik münasibətləri haqqında müqavilə iki ölkənin əlaqələrini klassik diplomatik əməkdaşlıq çərçivəsindən çıxararaq uzunmüddətli strateji koordinasiya müstəvisinə yüksəldir”.
Tural İsmayılov iqtisadi baxımdan müqavilənin Orta Dəhlizin imkanlarından daha səmərəli istifadəyə təkan verəcəyini vurğulayıb. Onun fikrincə, Xəzər üzərindən yükdaşımaların artması fonunda Azərbaycanın Avrasiyanın mühüm logistika mərkəzlərindən birinə çevrilməsi Qırğızıstan üçün də yeni imkanlar yaradır:
Siyasi şərhçi Tural İsmayılov
“Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qırğızıstanın Avropa bazarlarına daha sürətli çıxışını təmin edə bilər. Bu isə həm tranzit gəlirlərinin artmasına, həm də regionun iqtisadi dayanıqlığının gücləndirilməsinə töhfə verəcək.
Regional əməkdaşlıq baxımından bu sənəd Mərkəzi Asiya–Cənubi Qafqaz xəttində inteqrasiyanın sürətlənməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Türk dünyasının vahid iqtisadi və nəqliyyat məkanının formalaşmasına əlavə impuls verir, eyni zamanda Avropa ilə Asiya arasında alternativ və etibarlı bağlantıların inkişafını dəstəkləyir”.
Siyasi şərhçi müqavilənin təhlükəsizlik komponentinə də diqqət çəkib. O bildirib ki, müasir dövrdə hibrid təhdidlər, kibertəhlükəsizlik, transmilli cinayətkarlıq və informasiya təhlükəsizliyi kimi çağırışlar dövlətlər arasında daha sıx koordinasiyanı zəruri edir.
Onun sözlərinə görə, Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri bu istiqamətlərdə təcrübə mübadiləsinin genişləndirilməsinə, ortaq mexanizmlərin formalaşdırılmasına və regional sabitliyin möhkəmləndirilməsinə imkan verə bilər.
Tural İsmayılov hesab edir ki, Azərbaycanın son illərdə Mərkəzi Asiya ölkələri ilə münasibətlərini ardıcıl şəkildə dərinləşdirməsi və Qırğızıstanın bu prosesdə fəal tərəfdaş kimi çıxış etməsi müttəfiqlik müqaviləsinin uzunmüddətli strateji yanaşmanın nəticəsi olduğunu göstərir.
“Bu sənəd Türk dünyasında institusional həmrəyliyin möhkəmlənməsinə, qarşılıqlı investisiyaların artmasına, regional ticarətin genişlənməsinə və Avrasiyada yeni əməkdaşlıq arxitekturasının formalaşmasına mühüm töhfə verə bilər. Bu mənada Azərbaycan–Qırğızıstan müttəfiqliyi yalnız ikitərəfli münasibətlərin deyil, bütövlükdə regionun gələcək inkişaf modelinin mühüm elementlərindən biri kimi qiymətləndirilməlidir.
Bu sənəd siyasi dialoqun intensivləşdirilməsi ilə yanaşı, təhlükəsizlik, nəqliyyat-logistika, ticarət, enerji, rəqəmsal transformasiya, təhsil, mədəniyyət və humanitar sahələrdə institusional əməkdaşlığın daha sistemli xarakter almasına şərait yaradacaq. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın gücləndiyi indiki mərhələdə belə müttəfiqlik modeli Türk dünyasında qarşılıqlı etimadın və koordinasiyanın möhkəmlənməsinə xidmət edir”, - deyə siyasi şərhçi bildirib.
Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;” mövzusu üzrə dərc olunub.