Azərbaycan mətbuatını hansı çağırışlar gözləyir? -
Millət vəkilləri danışdı
Mətbuat təkcə xəbərin yayıldığı platforma deyil, həm də cəmiyyətin güzgüsü, ictimai rəyin formalaşmasında və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan strateji institutdur.
1875-ci ildə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən 151 il ərzində ölkənin ictimai-siyasi, iqtisadi və mədəni inkişafı ilə paralel şəkildə böyük inkişaf yolu keçərək müasir çağırışlara uyğun transformasiya olunub. Bu gün ənənəvi media ilə yanaşı rəqəmsal platformalar, sosial media və yeni texnologiyalar informasiya məkanının ayrılmaz hissəsinə çevrilib.
Belə bir dövrdə peşəkar, operativ və etibarlı jurnalistikanın əhəmiyyəti daha da artır. Milli Mətbuat Günü münasibətilə Milli Məclisin deputatları Arzu Nağıyev və Vüqar Bayramov Mətbuat.az-a açıqlamalarında Azərbaycan mediasının inkişafı, qarşıda duran çağırışlar və gələcək perspektivlərlə bağlı fikirlərini bölüşüblər.
Millət vəkili Arzu Nağıyev bildirib ki, son illərdə Azərbaycan mətbuatı həm institusional, həm də texnoloji baxımdan mühüm inkişaf mərhələsi keçib. Millət vəkili qeyd edib ki, yeni qanunların qəbul edilməsi, eləcə də "Media haqqında" Qanuna edilən əlavə və dəyişikliklər medianın inkişafına təkan verən ən mühüm addımlar kimi qiymətləndirilə bilər:
Millət vəkili Arzu Nağıyev
“Rəqəmsal medianın genişlənməsi, onlayn xəbər platformalarının sayının artması, multimedia jurnalistikasının inkişafı, informasiyanın daha operativ çatdırılması və reportaj xarakterli materialların geniş yayılması bu inkişafın əsas göstəricilərindəndir. Eyni zamanda, media sahəsində peşəkarlığın artırılması və jurnalistlərin dəstəklənməsinə yönəlmiş müxtəlif təşəbbüslər də həyata keçirilir.
Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən islahatlar media sahəsinin inkişafına da ciddi töhfə verib. Hesab edirəm ki, dövlət başçısının özü informasiya müharibəsinin mahiyyətini, bu sahədə hansı istiqamətlərdə fəaliyyət göstərilməli olduğunu öz siyasəti və praktikası ilə nümayiş etdirib. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə bunun əyani şahidi olduq. Həmin dövrdə Azərbaycan mediası informasiya cəbhəsində də mühüm rol oynadı”.
Arzu Nağıyev qeyd edib ki, bununla yanaşı, müasir medianın qarşısında mühüm çağırışlar qalmaqdadır:
“Dezinformasiya və saxta xəbərlərlə mübarizə, süni intellektin yaratdığı yeni imkanlardan səmərəli istifadə etməklə yanaşı, onun doğurduğu etik və peşəkar problemlərin aradan qaldırılması, sosial şəbəkələrdə sürətli informasiya axını fonunda məlumatların dəqiqliyinin qorunması, media qurumlarının maliyyə dayanıqlığının təmin edilməsi və keyfiyyətli jurnalistikanın inkişafı əsas prioritetlərdəndir. Hesab edirəm ki, elə fəaliyyət göstərmək lazımdır ki, jurnalistlərimizin hazırladığı materiallara beynəlxalq mediada istinad edilsin. Bunun üçün xarici dillərin öyrənilməsi, beynəlxalq xəbər agentlikləri və dünyanın aparıcı kütləvi informasiya vasitələri ilə koordinasiyalı əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Oxucuların media savadlılığının artırılması və etibarlı informasiya mənbələrinə inamın möhkəmləndirilməsi də vacib məsələlərdəndir. Bu istiqamətdə həm Mətbuat Şurası, həm də Medianın İnkişafı Agentliyi mühüm işlər görür. Həmin qurumlarda çalışan jurnalistlər və media mütəxəssisləri peşəkarlığın yüksəldilməsi istiqamətində ardıcıl fəaliyyət göstərirlər”.
Arzu Nağıyev düşünür ki, gələcəkdə medianın uğuru operativliklə yanaşı, obyektivlik və peşəkarlıqdan asılı olacaq:
“Faktların dəqiq yoxlanılması, etibarlı mənbələrə istinad edilməsi və cəmiyyətin etimadının qorunması jurnalistikanın əsas prinsipləri olaraq qalmalıdır. Rəqəmsal transformasiya davam etdikcə texnologiyanın rolu daha da artacaq. Əsas məsələ bu texnologiyalardan səmərəli istifadə etmək, eyni zamanda jurnalistikanın fundamental prinsiplərinə sadiq qalmaqdır. Dövlətçilik maraqlarını qoruyan, cəmiyyət üçün faydalı, analitik və peşəkar materialların hazırlanması daha böyük əhəmiyyət kəsb edir. Media təsadüfi olaraq "dördüncü hakimiyyət" adlandırılmır. Bu nüfuzu qorumaq, cəmiyyət qarşısında məsuliyyət daşımaq və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək hər bir media nümayəndəsinin borcudur. Fürsətdən istifadə edərək bütün media qurumlarını və jurnalistləri peşə bayramı münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı, tükənməz enerji və peşə fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram”.
Mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Vüqar Bayramov peşəkar və müstəqil medianın cəmiyyətin inkişafındakı rolunun əvəzsiz olduğunu bildirib:
Millət vəkili Vüqar Bayramov
“Peşəkar və eyni zamanda müstəqil mətbuat həm jurnalistikanın, həm də cəmiyyətin inkişafı baxımından çox vacibdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev də qeyd edib ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda mətbuat qərəzsiz olmalı, çevik və operativ fəaliyyət göstərməli, insanları dolğun və etibarlı məlumatlarla təmin etməlidir. Bu baxımdan, ölkə Prezidentinin də vurğuladığı kimi, mətbuatın qərəzsiz olması və baş verən proseslərə çevik reaksiya verməsi xüsusi əhəmiyyət kəsb edir”.
Vüqar Bayramov qeyd edib ki, iqtisadi proseslərin gündəlik həyatdakı rolunun artması vətəndaşların bu sahədə etibarlı informasiyaya olan tələbatını da yüksəldib:
“Həm qlobal, həm də milli səviyyədə ənənəvi media ilə yanaşı, rəqəmsal və onlayn media da sürətlə inkişaf edir. Hazırda qlobal miqyasda rəqəmsal və onlayn media bazarının dəyəri bir trilyon ABŞ dollarını ötüb. Bütün bunların fonunda iqtisadi proseslərin daha peşəkar şəkildə işıqlandırılmasına və iqtisadi təhlillərin mediada daha geniş tətbiqinə ciddi ehtiyac yaranır.
Düşünürəm ki, Azərbaycanda peşəkar jurnalistika məktəbi formalaşıb və peşəkar jurnalistlərimiz var. Biz media nümayəndələri ilə daim təmasda olur, onlarla əməkdaşlıq edirik. İqtisadi proseslərlə bağlı məlumatlar operativ şəkildə ictimaiyyətə təqdim edilir. Lakin təbii ki, bizim əsas gözləntimiz iqtisadi təhlillərlə bağlıdır”.
Deputat bildirib ki, iqtisadi xəbərlərin operativ işıqlandırılması ilə yanaşı, analitik jurnalistikanın inkişafına da daha çox diqqət yetirilməlidir:
“Qeyd etmək lazımdır ki, media iqtisadi proseslərə çevik reaksiya versə də, son illərdə təhlil janrı, təəssüf ki, əvvəlki qədər geniş təqdim olunmur. Halbuki məsələ yalnız iqtisadi informasiyanın çatdırılması deyil. Həmin məlumatların təhlil olunaraq, səbəb və nəticələrinin izah edilərək insanlara təqdim olunmasına böyük ehtiyac var. İnsanların iqtisadi biliklərinin artırılması, iqtisadi prosesləri daha düzgün dərk etməsi və təhlil edilmiş məlumatların cəmiyyətlə bölüşdürülməsi olduqca vacibdir. Bu baxımdan arzu edərdim ki, növbəti mərhələdə mediada iqtisadi təhlilə daha çox diqqət ayrılsın və bu istiqamət daha da gücləndirilsin. Çünki bu, yalnız medianın deyil, bütövlükdə cəmiyyətin inkişafı üçün vacib amillərdən biridir”.
Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusu üzrə dərc olunub.