Gündəm

"Azərbaycan mediası Vətən müharibəsində tarix yazdı" -

Millət vəkili

Metbuat.az

“Həsən bəy Zərdabinin təsis etdiyi "Əkinçi" qəzeti milli mətbuatımızın əsasını qoymaqla yanaşı, xalqın maariflənməsinə, milli özünüdərkin formalaşmasına və ictimai fikrin inkişafına böyük töhfə verdi. Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə tarixinin ayrılmaz tərkib hissəsidir".

Metbuat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev Milli Mətbuat Günü münasibətilə Mətbuat.az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, cəmi iki il fəaliyyət göstərməsinə baxmayaraq, "Əkinçi" qəzeti sonrakı dövrlərdə yaranan milli mətbuat nümunələrinin əsasını formalaşdırdı:

"Əkinçi"dən sonra nəşr olunan "Ziya", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "Füyuzat", "Molla Nəsrəddin" və digər mətbuat orqanları milli jurnalistikanın inkişafına, ana dilimizin, milli-mənəvi dəyərlərimizin qorunmasına və ictimai fikrin formalaşmasına misilsiz töhfələr verdilər.

Müstəqillik illərində, xüsusilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə həyata keçirilən islahatlar Azərbaycan mediasının inkişafında yeni mərhələ açıb. 1993-cü ildən etibarən həyata keçirilən islahatlar nəticəsində media sahəsində mühüm dəyişikliklər baş verdi. 1998-ci ildə dövlət senzurasının ləğv edilməsi söz və mətbuat azadlığının inkişafı baxımından tarixi qərar oldu. Hüquqi baza təkmilləşdirildi, medianın fəaliyyətinin inkişafı üçün əlverişli şərait yaradıldı. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir.

"Media haqqında" Qanunun qəbul edilməsi, Medianın İnkişafı Agentliyinin yaradılması, media subyektlərinə tətbiq olunan vergi güzəştləri, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi və Media və Yayım Şurasının yaradılması istiqamətində atılan addımlar dövlətin medianın inkişafına verdiyi önəmin bariz nümunəsidir".

Naqif Həmzəyev qeyd edib ki, Azərbaycan mediası Vətən müharibəsi dövründə də peşəkarlığını nümayiş etdirərək informasiya cəbhəsində mühüm uğurlar qazanıb:

"Birinci və İkinci Qarabağ müharibələri zamanı jurnalistlər böyük fədakarlıq nümayiş etdirdilər. Xüsusilə 44 günlük Vətən müharibəsində media nümayəndələri həm cəbhə bölgəsindən operativ məlumatlar çatdırdılar, həm də Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdıraraq informasiya müharibəsində mühüm rol oynadılar. Döyüş bölgəsində fərqlənən jurnalistlərin dövlət mükafatlarına layiq görülməsi onların xidmətlərinin yüksək qiymətləndirilməsinin göstəricisidir".

Deputat əlavə edib ki, Şuşada keçirilən Qlobal Media Forumları Azərbaycanın beynəlxalq informasiya gündəliyində artan rolunu nümayiş etdirir:

"2023-cü ildən etibarən Şuşada keçirilən Qlobal Media Forumları artıq beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzindədir. IV Şuşa Qlobal Media Forumunda sülhün təşviqi, həqiqətin bərpası, ictimai etimadın gücləndirilməsi, süni intellekt dövründə media etikası və dezinformasiyaya qarşı mübarizə kimi mühüm mövzuların müzakirəsi Azərbaycanın qlobal informasiya siyasətindəki rolunun daha da gücləndiyini göstərir.

Süni intellekt texnologiyalarının inkişafı, dezinformasiyaya qarşı mübarizə, informasiya təhlükəsizliyinin təmin edilməsi və media savadlılığının artırılması müasir dövrdə jurnalistikanın əsas vəzifələrindəndir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə daim sadiq qalmalıdır.

Bu əlamətdar gün münasibətilə bütün jurnalistləri, redaksiya kollektivlərini, operatorları, fotojurnalistləri və media sahəsində çalışan hər kəsi səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, peşə fəaliyyətlərində yeni uğurlar arzulayıram. Milli mətbuatımızın inkişafı naminə göstərdiyiniz xidmətlər hər zaman yüksək qiymətləndiriləcək. Peşə bayramınız mübarək!"