İqtisadiyyat

Azərbaycan banklarının ilk 6 ayı:

Hansı bank liderdir?

Metbuat.az

2026-cı ilin ilk yarısına dair maliyyə hesabatlarını açıqlayan Azərbaycan banklarının əksəriyyəti mənfəət artımı, kredit portfellərinin genişlənməsi və kapital göstəricilərinin yaxşılaşması ilə diqqət çəkib.

Metbuat.az xəbər verir ki, bəzi banklarda isə depozit strukturu və xərclərin artımı maliyyə nəticələrinə təsir göstərib.

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) 2026-cı ilin yanvar-iyun aylarını 250 milyon 555 min 950 manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,2% çoxdur.

Bankın:

aktivləri 15,3 milyard manata çatıb;

kredit portfeli 7,6 milyard manata yüksəlib;

depozitləri 9,26 milyard manat olub;

əhalinin depozitləri 489,5 milyon manat artaraq 3,89 milyard manata çatıb.

Hesabat dövründə ABB-nin faiz gəlirləri 613,2 milyon manata, qeyri-faiz gəlirləri isə 290,1 milyon manata yüksəlib. Bank 2025-ci ilin mənfəətindən səhmdarlara 200 milyon manat dividend ödəyib.

Unibank KB 2026-cı ilin ikinci rübünü 17,2 milyon manat xalis mənfəət və əsas maliyyə göstəriciləri üzrə artımla başa vurub.

Bankın açıqladığı məlumata görə, hesabat dövründə:

məcmu gəlirlər 215 milyon manata yaxınlaşıb;

əməliyyat mənfəəti 28,6 milyon manatdan çox olub;

aktivlər 499 milyon manat artaraq 2,3 milyard manatı keçib;

məcmu kapital 32% artaraq 254 milyon manata yaxınlaşıb.

30 iyun 2026-cı il tarixinə bankın kapital adekvatlığı əmsalı 14,57% təşkil edib.

Bankın ümumi kredit portfeli 1,5 milyard manata, depozit portfeli isə 1,4 milyard manata yaxınlaşıb. Biznes kreditləri illik müqayisədə 46%-dən çox artaraq 694 milyon manata çatıb.

Hesabat dövründə nağdsız əməliyyatların həcmi 8,1 milyard manatı, sayı isə 283 milyonu ötüb. Müştəri bazası 14% artaraq 2,4 milyon nəfərə yaxınlaşıb.

Son bir ildə Unibank beynəlxalq maliyyə qurumlarından 177,5 milyon manata yaxın maliyyə vəsaiti cəlb edib. Bank bildirir ki, bu vəsaitlər real iqtisadiyyatın və sahibkarlığın maliyyələşdirilməsinin genişləndirilməsinə yönəldiləcək.

"AccessBank" ASC ilk yarımili 28 milyon 97 min manat xalis mənfəətlə başa vurub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,2% çoxdur.

Bankın:

aktivləri 1 milyard 785 milyon manata,

balans kapitalı 261,4 milyon manata çatıb.

Faiz gəlirləri illik müqayisədə 16,4% artaraq 141,3 milyon manat təşkil edib. Kredit portfeli genişlənsə də, depozitlərin azalması fonunda maliyyə institutlarından cəlb olunan vəsaitlərin həcmi artıb.

"Xalq Bank" 2026-cı ilin ilk altı ayında 13,5 milyon manat xalis mənfəət əldə edib.

30 iyun tarixinə:

bankın aktivləri 2 milyard 832 milyon manat,

kredit portfeli 1 milyard 843 milyon manat,

depozitləri 1 milyard 921 milyon manat,

cəmi kapitalı isə 523,6 milyon manat təşkil edib.

"Premium Bank" ASC ilk yarımildə 9 milyon 326 min manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48% artım deməkdir.

Bankın:

əməliyyat gəlirləri 30,1 milyon manat,

əməliyyat xərcləri 20,1 milyon manat,

əməliyyat mənfəəti isə 9,94 milyon manat olub.

Mümkün zərərlər üçün 618 min manat ehtiyat yaradıldıqdan sonra bank yüksək maliyyə nəticəsini qoruyub.

"Yapı Kredi Bank Azərbaycan" ASC 2026-cı ilin ilk yarısını 4 milyon 788 min manat xalis mənfəətlə başa vurub. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 1,9% azdır.

Bununla yanaşı:

faiz gəlirləri 40,2% artaraq 32,45 milyon manata yüksəlib;

kreditlərdən əldə olunan faiz gəlirləri 50% artıb.

Bank bildirir ki, mənfəətin azalmasına əsas səbəb mənfəət vergisi və mümkün zərərlər üzrə ehtiyat xərclərinin artması olub.

"Bank Respublika" ASC nizamnamə kapitalını 73 milyon 961 min manatdan 200 milyon 752 min manata çatdırmağı planlaşdırır.

Kapital artımı 126 milyon 790 min manat və ya 2,7 dəfə təşkil edəcək. Bu artım dövriyyədə olan 30 milyon 188 min 200 səhmin nominal dəyərinin 2,45 manatdan 6,65 manata yüksəldilməsi hesabına həyata keçiriləcək.

Bankın səhmlərinin:

63,32%-i Natiq Quliyevə,

18,46%-i Elçin Quliyevə,

8,47%-i Namiq Quliyevə,

5,45%-i Şakir Rəhimova,

4,22%-i SIDT-yə,

0,08%-i isə digər səhmdarlara məxsusdur.