Elm və Təhsil

Autizm Portalı inklüziv təhsilə dəstəyi genişləndirir

Metbuat.az

"Birgə və Sağlam" İctimai Birliyi 2013-cü ildə autizmli şəxslərin və digər həssas qrupların cəmiyyətə inklüziv inteqrasiyasını, keyfiyyətli təhsil və inkişaf imkanlarına çıxışını dəstəkləmək məqsədilə təsis edilmişdir.

Metbuat.az xəbər verir ki, fəaliyyət göstərdiyi müddətdə Birlik Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın dəstəyi ilə autizm sahəsində mühüm nailiyyətlər əldə etmişdir. 2021-ci il 30 dekabr tarixində yeni Autizm Mərkəzinin açılışı Mehriban xanım Əliyevanın iştirakı ilə baş tutmuş və mərkəzin idarəetməsi Birliyə həvalə edilmişdir.

Bu günədək Birliyin mərkəzlərində yüzlərlə autizmli şəxsə beynəlxalq standartlara uyğun xüsusi təhsil xidmətləri göstərilmiş, PCDI modeli əsasında Tətbiqi Davranış Analizi (ABA) metodikası tətbiq edilmişdir. Eyni zamanda yüzə yaxın mütəxəssis və könüllü hazırlanmış, minə yaxın ali təhsil tələbəsi və yüzlərlə valideyn üçün maarifləndirmə proqramları təşkil edilmişdir. Birliyin fəaliyyəti müxtəlif dövlət qurumları, yerli və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Bu fəaliyyətlərin davamı olaraq, Autizm Portalı 2018-ci ildə bp və tərəfdaşlarının "Birgə və Sağlam" İctimai Birliyi ilə birgə həyata keçirdiyi "Autizmli şəxslərə fürsətlər yaratmaq" sosial layihəsi çərçivəsində yaradılmışdır. Portalın əsas məqsədi autizm sahəsində etibarlı və müasir məlumatlara çıxışı asanlaşdırmaq, mütəxəssisləri, valideynləri və bu sahə ilə maraqlanan bütün şəxsləri Azərbaycan dilində keyfiyyətli resurslarla təmin etməkdir.

Bu fəaliyyətlərin davamı olaraq, Autizm Portalı 2018-ci ildə bp və tərəfdaşlarının "Birgə və Sağlam" İctimai Birliyi ilə birgə həyata keçirdiyi "Autizmli şəxslərə fürsətlər yaratmaq" sosial layihəsi çərçivəsində yaradılmışdır. Portalın əsas məqsədi autizm sahəsində etibarlı və müasir məlumatlara çıxışı asanlaşdırmaq, mütəxəssisləri, valideynləri və bu sahə ilə maraqlanan bütün şəxsləri Azərbaycan dilində keyfiyyətli resurslarla təmin etməkdir.

Portal, başda autizm olmaqla, Daun sindromu və ümumi inkişaf geriliyi diaqnozu qoyulan uşaqlara sahib ailələr üçün övladlarının dil, ünsiyyət və öyrənmə bacarıqlarını ev şəraitində inkişaf etdirməyə kömək edən praktik təlim materialları təqdim edir. Burada mürəkkəb metodikalar ailələrin gündəlik istifadəsinə uyğun sadələşdirilmiş formada hazırlanmış, video və yazılı resurslarla dəstəklənmişdir.

Portalın "Autizm haqqında" bölməsində autizmin mahiyyəti, erkən əlamətləri, diaqnostika və digər mövzular barədə ətraflı məlumatlar video və yazılı materiallar vasitəsilə təqdim olunur. Təlim Proqramları bölməsində isə on müxtəlif istiqamət üzrə hazırlanmış resurslar autizmli uşaqlara gündəlik həyat, ünsiyyət və öyrənmə bacarıqlarının praktik şəkildə öyrədilməsinə dəstək verir. Bütün materialların həm video, həm də mətn formatında təqdim edilməsi onların daha rahat mənimsənilməsinə və praktik tətbiqinə imkan yaradır.

Portalın inkişafı çərçivəsində 2025-ci ildə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin "Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi" qrant müsabiqəsi çərçivəsində həyata keçirilən "Evdə Təhsilə Cəlb Olunan Xüsusi Qayğıya Ehtiyacı Olan Şagirdlərin və Onların Ailələrinin Dəstəklənməsi" layihəsi əsasında Evdə Təhsil Resurs Mərkəzi istifadəyə verilmişdir.

Resurs Mərkəzi evdə təhsil prosesini dəstəkləyən metodik materialları video və PDF formatında istifadəçilərə təqdim edir. Burada motivasiya sistemləri, davranış kontraktları, Touch Math xüsusi riyazi hesablama üsulu, fəaliyyət cədvəlləri, fürsət tədris metodu və digər praktik mövzular üzrə hazırlanmış resurslar ailələrin, müəllimlərin və mütəxəssislərin gündəlik fəaliyyətində istifadə edə biləcəyi formada təqdim olunur. Video və yazılı materialların birlikdə təqdim edilməsi öyrənmə prosesini asanlaşdırır və biliklərin praktik tətbiqini dəstəkləyir.

Bu gün Autizm Portalı autizm sahəsində Azərbaycan dilində ən geniş rəqəmsal resurslardan biri olaraq mütəxəssislərin, müəllimlərin və valideynlərin bilik və bacarıqlarının artırılmasına, ailələrin düzgün istiqamətləndirilməsinə və inklüziv təhsilin inkişafına töhfə verməyə davam edir.