7 il ərzində topladığı boş qablarla ev aldı
Avstraliyada yaşayan Damian Qordon yeddi il ərzində çimərliklərdən, parklardan və musiqi festivallarından topladığı 450 mindən çox boş şüşə və alüminium qutu sayəsində mənzil sahibi olub.
Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, boş vaxtlarını ətraf mühitin təmizlənməsinə həsr edən Qordon topladığı tullantıları geri emala təhvil verərək təxminən 46 min Avstraliya dolları (30 min ABŞ dollarından çox) gəlir əldə edib.
O, qazandığı vəsait hesabına almaq istədiyi evin ilkin ödənişini edib. Bununla kifayətlənməyən avstraliyalı yeni mənzilini də əsasən festivallardan topladığı istifadəyə yararlı çadır, mebel və digər əşyalarla təchiz edib.
Damian Qordon ev sahibi olduqdan sonra da tullantı toplamaqdan əl çəkməyib. O, geri emaldan əldə etdiyi gəlirlə ipoteka kreditini ödəməyə davam edir. Qordonun hekayəsi həm ətraf mühitin qorunmasına töhfə verməyin, həm də kiçik addımlarla böyük məqsədlərə çatmağın mümkün olduğunu göstərən maraqlı nümunələrdən biri kimi qiymətləndirilir.