Maraqlı

​50 min portağal ağacı var, yeyən yoxdur

Metbuat.az

İspaniyanın Sevilla şəhərinin küçələrini bəzəyən təxminən 50 min portağal ağacı hər il minlərlə ton meyvə verərək şəhərə füsunkar bir gözəllik qatır. Lakin budaqları meyvədən sallanan bu ağaclardan heç kim portağal dərib yeyə bilmir.

Metbuat.az xəbər verir ki, buna səbəb ağacların süfrələrimizə gələn şirin portağal deyil, xüsusi bir acı portağal növünə aid olmasıdır. Dadı həddindən artıq acı və turş olduğu üçün çiy halda istehlak edilməsi qeyri-mümkün olan bu meyvələr bəzən turistlərin aldanaraq dadmasına və məyusluğuna səbəb olur.

Sevilla bələdiyyəsi tərəfindən hər il müntəzəm olaraq toplanan bu portağallar əsla israf edilmir və fərqli sənaye sahələrində istifadə olunur. Toplanan acı portağalların böyük bir hissəsi İngiltərəyə ixrac edilərək burada məşhur ənənəvi marmeladların istehsalında, eləcə də kosmetika sektorunda ətir yağlarının hazırlanmasında istifadə edilir. Qalan meyvə qalıqları xüsusi emal prosesindən keçərək bioqaz və elektrik enerjisinə çevrilir. Beləliklə, bu acı meyvələr süfrəyə gəlməsə də, həm şəhərin təmizliyinə töhfə verir, həm də mühüm bir iqtisadi dəyərə çevrilir.