Siyasət

"Zəngəzurda baş verənlər Ermənistana təzyiq elementi ola bilər" -

Hərbi ekspert

Metbuat.az

Ermənistan mətbuatında yayılan məlumata görə, erməni jurnalist Jirayr Voskanyan Rusiyanın Zəngəzur bölgəsində hərbi mövcudluğunu davam etdirdiyini və hətta artırdığını iddia edib. Onun sözlərinə görə, Meğri rayonunda yerləşən bəzi strateji yollarda Rusiya hərbçiləri fəaliyyət göstərir və yerli sakinlərin, eləcə də xarici vətəndaşların hərəkətinə müəyyən məhdudiyyətlər tətbiq olunur.

Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a açıqlamasında bildirib ki, Rusiya sərhədçilərinin Ermənistan ərazisində belə nəzarət funksiyaları həyata keçirməsi tamamilə qanunsuzdur. Ekspert qeyd edib ki, daha əvvəl Ermənistan tərəfi Zəngəzur dəhlizinin keçəcəyi ərazilərdə Rusiya hərbçilərinin fəaliyyət göstərmədiyini açıqlayıb:

“İndiki yayılan son məlumat ilə Ermənistanın rəsmi məlumatları bir-biri ilə ziddiyyət təşkil edir. Belə bir təxribat xarakterli addımların atılması Ermənistan ilə Rusiya arasında mövcud olan gərginliyi daha da artıracaq və Ermənistan vətəndaşlarının hərəkət azadlığının, rus hərbçiləri tərəfindən məhdudlaşdırılması, Rusiya qoşunlarının Ermənistan ərazisində mövcudluğunun müddəti barədə müzakirələri gündəmə gətirəcək”.

Ə.Verdiyev əlavə edib ki, açılması nəzərdə tutulan Zəngəzur dəhlizinin keçdiyi bir ərazidə rus hərbçilərə belə bir addım atması Ermənistana qarşı təzyiq elementi kimi də dəyərləndirilə bilər.

Gülbəniz Hüseynli / Metbuat.az