"Zəngəzur dəhlizi Şərqlə Qərbi birləşdirən vacib komponentdir"-
Nazir müavini
"Azərbaycan artıq 30 ildir ki, dünya bazarları üçün neft və təbii qazın təhlükəsiz və etibarlı təchizatçısı kimi özünü təsdiqləyib. Həyata keçirilən iri infrastruktur layihələri beynəlxalq enerji əməkdaşlığının uğurlu nümunələridir".
Mətbuat.az-ın forumdakı müxbiri xəbər verir ki, bu fikirləri energetika nazirinin müavini Orxan Zeynalov deyib.
Nazir müavini vurğulayıb ki, Azərbaycanın Cənubi Qafqaz, Türkiyə və Avropanın enerji təhlükəsizliyində mühüm və etibarlı rolu davamlı şəkildə Yaxın Şərq və Mərkəzi Asiyaya doğru genişlənir:
" Hazırda biz xam nefti 25 ölkəyə, təbii qazı isə 16 ölkəyə, o cümlədən NATO-nun 11 və Avropa İttifaqının 10 üzv dövlətinə ixrac edirik. Bu gün Avropa İttifaqının təbii qaz tələbatının təxminən 7 faizi Azərbaycanın payına düşür.
Karbohidrogenlər enerji balansımızın vacib hissəsi olaraq qalır və gələcəkdə də belə olacaq. Biz enerji təhlükəsizliyini təmin edən, eyni zamanda ənənəvi enerji sektoruna investisiyaların davamlılığını qoruyan real və balanslaşdırılmış enerji keçidi siyasətini dəstəkləyirik".
Orxan Zeynalov qeyd edib ki, Mərkəzi Asiya, Cənubi Qafqaz və daha geniş Xəzər regionu vahid, qarşılıqlı əlaqəli geosiyasi və iqtisadi məkan formalaşdırır və bu prosesdə enerji bağlantıları əsas amillərdən biridir:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən baxışı və liderliyi bu transformasiyanın əsas hərəkətverici qüvvəsi olub. Bu siyasət Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsinə, Mərkəzi Asiya dövlətləri ilə strateji tərəfdaşlığın güclənməsinə mühüm töhfə verib.
Orta Dəhliz, eləcə də beynəlxalq sülh və rifah üçün mühüm tranzit marşrutu olan Zəngəzur dəhlizi Şərqlə Qərbi birləşdirən, regionun enerji, nəqliyyat və ticarət inteqrasiyasını gücləndirən vacib komponentlərdir".
Gülbəniz Hüseynli / Mətbuat.az