İqtisadiyyat

“Zəngəzur dəhlizi Azərbaycanın rolunu gücləndirəcək” -

Anar Axundov

Metbuat.az

"Qlobal təchizat zəncirlərinin davamlı şəkildə dəyişdiyi, texnologiyaların sənayeni transformasiya etdiyi və yaşıl keçidin yeni sektorlar formalaşdırdığı müasir dövrdə ölkələr artıq təkcə daha çox investisiya cəlb etmək üçün deyil, həm də daha keyfiyyətli sərmayələr uğrunda rəqabət aparırlar".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Anar Axundov "Azərbaycan İnvestisiya Perspektivləri Forumu"nda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycanın əsas hədəfi yerli imkanları gücləndirən, kiçik və orta biznesi dəstəkləyən, keyfiyyətli iş yerləri yaradan və dayanıqlı iqtisadi artıma töhfə verən investisiyaların cəlb edilməsidir.

"Keyfiyyətli investisiya dedikdə ətraf mühit amillərini nəzərə alan, texnoloji inkişafı dəstəkləyən, investorlar üçün daha yüksək əlavə dəyər yaradan sərmayələr nəzərdə tutulur. Məqsədimiz qlobal və regional dəyər zəncirlərində mövqelərimizi gücləndirmək, mümkün olan hallarda isə tam istehsal dövrünü əhatə edən layihələri təşviq etməkdir", – deyə Anar Axundov bildirib.

Nazir müavini qeyd edib ki, Azərbaycan bu baxımdan mühüm nümunədir. Son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya yatırılıb ki, bunun da təxminən 170 milyard dolları xarici mənbələr hesabına formalaşıb:

"Bu investisiyalar infrastrukturun müasirləşdirilməsində, sənaye potensialının gücləndirilməsində, özəl sektorun inkişafında və iqtisadiyyatın şaxələndirilməsində mühüm rol oynayıb. Azərbaycanın siyasi sabitliyi, dayanıqlı iqtisadiyyatı, əlverişli biznes mühiti, proqnozlaşdırıla bilən hüquqi çərçivəsi, ixtisaslı işçi qüvvəsi və strateji coğrafi mövqeyi ölkəmizi investorlar üçün cəlbedici məkana çevirir", – deyə o vurğulayıb.

Anar Axundov bildirib ki, bu gün investisiya qərarlarını formalaşdıran əsas amillərdən biri də bağlantı imkanlarıdır. Onun sözlərinə görə, Azərbaycan üçün bağlantı yalnız nəqliyyat məsələsi deyil, həm də iqtisadi inkişaf strategiyasıdır:

"Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan Şərq-Qərb bağlantılarının, o cümlədən Orta Dəhlizin gücləndirilməsində mühüm rol oynayır. Ölkəmiz nəqliyyat-logistika və dəmir yolu infrastrukturunu genişləndirir, multimodal bağlantı imkanlarını inkişaf etdirir", – deyə nazir müavini əlavə edib.

O qeyd edib ki, Zəngəzur dəhlizi bu gündəliyin əsas elementlərindən biridir və Orta Dəhlizin imkanlarını daha da artıracaq.

"Zəngəzur dəhlizi Azərbaycanın Avropa, Mərkəzi Asiya və Asiya-Sakit okean bazarlarını birləşdirən logistika və tranzit mərkəzi kimi rolunu gücləndirəcək. İlkin mərhələdə dəhlizin yükdaşıma qabiliyyətinin təxminən 15 milyon ton olacağı qiymətləndirilir. Dəhlizin əhəmiyyəti yalnız fiziki yüklərin daşınması ilə məhdudlaşmır. Zəngəzur dəhlizi Mərkəzi Asiya və Cənubi Qafqazda istehsal olunan günəş, külək və hidroenerji kimi bərpa olunan elektrik enerjisinin Avropa enerji bazarlarına ötürülməsi üçün də mühüm potensial yaradır", – deyə Anar Axundov bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az