Gündəm

"Uşaqların elektron öyrənmə bacarıqları valideynlərindən daha yüksək olacaq" -

Nazir

Metbuat.az

“Uşaqlar sosial mediada vaxt keçirməyə meyillidir. Dövlət olaraq bunu tənzimləməliyik, amma qaçılmaz reallıqdır ki, uşaq dərslikdən daha çox video kontentə maraq göstərəcək".

Bu fikirləri Təhsil naziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatının və “Uşaqlar və hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı səsləndirib.

Nazir bildirib ki, istəsək də, istəməsək də uşaqların elektron öyrənmə bacarıqları valideynlərindən daha yüksək olacaq. "Biz buna mane ola bilmərik, çünki yeni nəsil virtual öyrənmə bacarıqlarına meyillidir. Biz sadəcə yeni risklərə qarşı necə mübarizə aparacağımızı müzakirə etməliyik”.

Nazir uşaqların inkişafında ailənin roluna da diqqət çəkərək bildirib:

“Uşaq həyatının ilk 1000 gününü əsasən ailəsi ilə keçirir və həmin dövrdə əsas məsuliyyət ana və atanın üzərinə düşür. Bu gün uşaqlar valideynləri ilə kifayət qədər oyun oynaya bilmirlər. Bunun əsas səbəblərindən biri valideynlərin əksəriyyətinin işləməsidir. Halbuki oyun uşaqlarda bir çox vərdişlərin formalaşmasına və onların inkişafına mühüm təsir göstərir”.

Gülbəniz Hüseynli / Mətbuat.az