"Uşaqlarda ədalət və məsuliyyət hissi formalaşdırılmalıdır"-
Bahar Muradova
“Demokratik cəmiyyətin əsas prinsiplərindən biri ədalət hissinin formalaşdırılmasıdır. Buna görə də uşaqlarda ədalət duyğusunun, məsuliyyət hissinin və hüquqi davranış vərdişlərinin inkişaf etdirilməsi xüsusi əhəmiyyət kəsb edir”.
Mətbuat.az xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova komitə tərəfindən hazırlanmış “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” adlı tədqiqat hesabatının və “Uşaqlar və hüquq” adlı kitabın təqdimat mərasimində çıxışı zamanı deyib.
Sədr bildirib ki, müasir dövrdə uşaqların inkişafı və təhlükəsizliyinin təmin olunması dünyanın əksər dövlətlərinin prioritet siyasət istiqamətlərindən biridir:
“Son illərdə həm ölkəmizdə, həm də dünyada baş verən hadisələr göstərir ki, uşaqların təhlükəsizliyinin təmin olunması təkcə müdafiə və nəzarət mexanizmləri ilə mümkün deyil. Bu məqsədlə hüquqi maarifləndirmənin genişləndirilməsi, hüquq mədəniyyətinin yüksəldilməsi və hüquqi biliklərin erkən yaşlardan aşılanması xüsusi əhəmiyyət daşıyır.
Dövlətimiz tərəfindən uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsi üçün həyata keçirilən tədbirlər, eləcə də son illərdə qəbul olunan qanunlar və dövlət proqramları bu istiqamətdə mühüm addımlar hesab olunur. Müvafiq dövlət qurumlarının iştirakı ilə hazırlanan belə nəşrlər uşaqların hərtərəfli inkişafına töhfə verir və mövcud problemlərin aradan qaldırılmasına xidmət edir”.
Bahar Muradova qeyd edib ki, uşaqlar üçün hazırlanmış hüquq kitabı Azərbaycanda uşaqların və gənclərin vətənpərvərlik, milli-mənəvi və ailə dəyərləri çərçivəsində formalaşması, onların yetkin və məsuliyyətli vətəndaş kimi yetişməsi istiqamətində mühüm əhəmiyyət daşıyır:
“Nəşrdə uşaqların inkişafı üçün zəruri olan bilik və bacarıqlar, eləcə də hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun və düşüncəsinin nəzərə alınmasının vacibliyi əhatəli şəkildə təqdim olunub.
Kitabın əsas məqsədi hüquqi bilikləri uşaqlara daha sadə və anlaşıqlı formada çatdırmaq, onları gündəlik həyatla əlaqələndirməkdir. Burada hüquq yalnız nəzəri anlayış kimi deyil, uşaqların gündəlik davranışları, seçimləri və məsuliyyət hissi ilə əlaqəli şəkildə təqdim olunur.
Düşünürəm ki, təqdim edilən bu nəşrlərlə yaxından tanış olduqda onların kifayət qədər peşəkar və mükəmməl hazırlandığını görəcəksiniz”.
Bahar Muradova əlavə edib ki, Dövlət Komitəsi tərəfindən həyata keçirilən bu təşəbbüslər uşaqlarda hüquqi düşüncənin davamlı və sistemli şəkildə formalaşdırılmasına xidmət edir.
Gülbəniz Hüseynli / Mətbuat.az