Türkiyədə internet mediası reklamdan milyonlar qazanır
Rəqəmsal texnologiyaların sürətli inkişafı internet mediasını cəmiyyətin əsas informasiya mənbələrindən birinə çevirib. Bu gün milyonlarla insan gündəlik xəbərləri televiziya və qəzetlərdən deyil, xəbər saytları və sosial media platformaları vasitəsilə izləyir.
Metbuat.az xəbər verir ki, hazırda dünyada 1,4 milyarddan çox internet saytı fəaliyyət göstərir. Onların təxminən 200 milyonu aktiv şəkildə yenilənir və məzmun təqdim edir. Türkiyədə isə ".tr" domenlərinin sayı 1,3 milyonu ötüb. Aktiv fəaliyyət göstərən türk saytlarının sayının 700 min ilə 1 milyon arasında olduğu təxmin edilir.
80 milyondan çox əhalisi olan Türkiyə internet istifadəsinə görə dünyanın aparıcı ölkələrindən biridir. Ölkədə internet istifadəçilərinin sayı 68 milyonu keçib və əhalinin böyük hissəsi gündəlik xəbərləri onlayn platformalardan əldə edir.
"Similarweb" platformasının 2026-cı ilin aprel ayı üzrə hesabatına əsasən, Türkiyənin ən çox oxunan xəbər saytları sırasında "Sözcü", "Hürriyet", "Mynet", "Ensonhaber" və "Haberler.com" ilk beşlikdə qərarlaşıb. Bu saytlar hər ay on milyonlarla ziyarətçi qəbul edir və ölkənin informasiya gündəminin formalaşmasında mühüm rol oynayırlar.
Media ekspertlərinin qiymətləndirmələrinə görə, Türkiyənin aparıcı xəbər saytlarının gündəlik auditoriyası adətən 2-10 milyon istifadəçi arasında dəyişir. Böyük xəbər portalları ay ərzində 100 milyondan çox baxış toplaya bilir. Xüsusilə seçkilər, təbii fəlakətlər və ya mühüm siyasi hadisələr zamanı bu göstəricilər daha da artır.
Belə böyük auditoriya reklam bazarının da diqqətini internet mediasına yönəldib. Rəqəmsal reklamlar artıq Türkiyədə marketinq büdcələrinin əsas hissəsini təşkil edir. Sektor üzrə dövriyyə hər il milyardlarla lirə ilə ölçülür. Mütəxəssislər hesab edirlər ki, ölkənin ən iri xəbər saytları reklam, sponsorlu məzmun və xüsusi layihələr hesabına ildə milyonlarla dollar gəlir əldə edə bilirlər.
Nazim Hüseynzadə /Metbuat.az