İqtisadiyyat

"Transsərhəd ödənişlərdə xərclərin azaldılmasını müzakirə edirik" -

SWIFT-in Türkiyə, Qafqaz, Mərkəzi Asiya üzrə rəhbəri

Metbuat.az

"G20 hədəfləri çərçivəsində, xüsusilə 2020-ci ildə keçirilən G20 toplantılarında müəyyən edilmiş məqsədlər arasında ödənişlər sahəsinə aid mühüm istiqamətlər mövcuddur. Bu hədəflərin əsas diqqət yetirdiyi məsələlər şəffaflıq, əlçatanlıq və maliyyətdir".

Metbuat.az xəbər verir ki, bu fikirləri SWIFT-in Türkiyə, Qafqaz və Mərkəzi Asiya regionu üzrə rəhbəri Hikmət Can Yılmazsoy deyib.

O bildirib ki, beynəlxalq ödəniş sistemlərinin inkişafı istiqamətində müəyyən edilmiş hədəflər maliyyə əməliyyatlarının daha sürətli, təhlükəsiz və əlçatan şəkildə həyata keçirilməsinə xidmət edir:

"Xüsusilə maliyyət məsələsi beynəlxalq səviyyədə önəm verilən əsas istiqamətlərdən biridir və biz də bu mövzunu diqqətdə saxlayırıq. İndiyədək qiymətlərin formalaşdırılması daha çox bankların öz daxili idarəetmə və qərarvermə sahəsinə aid məsələ hesab olunurdu. Buna görə də bu istiqamətdə müəyyən qədər məsafəli mövqe tutmuşduq.

Lakin hazırda bazar prinsiplərini pozmadan, eyni zamanda bankların müstəqil qərarvermə imkanlarına müdaxilə etmədən, ödəniş xidmətlərinin maya dəyərinin azaldılması istiqamətində Mərkəzi Bankın hansı töhfəni verə biləcəyini araşdırırıq".

Hikmət Can Yılmazsoy qeyd edib ki, əgər bu sahədə tövsiyə xarakterli, məcburi olmayan istiqamətləndirmələr vermək imkanımız yaranarsa, həmin imkanları da nəzərdən keçirib qiymətləndirmə aparacaqlar.

Gülbeniz Hüseynli / Mətbuat.az