İqtisadiyyat

"Rəqəmsal maliyyə gələcəyin əsas alətləridir"-

AIIB-in vitse prezidenti

Metbuat.az

"Biz inanırıq ki, maliyyə nazirlərinin, BMT-nin və Dünya Bankının da vurğuladığı kimi, yeni maliyyələşdirmə yanaşmalarını qəbul etməliyik".

Mətbuat.az xəbər verir ki, bu fikirləri Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Toplantısı çərçivəsində keçirilən tədbirdə çıxış edən Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) vitse-prezidenti və korporativ katibi "Sir Sherard Cowper-Coles" deyib:

"Biz qarışıq maliyyələşdirmədən (blended finance), rəqəmsal maliyyədən istifadə etməliyik. Eyni zamanda unutmamalıyıq ki, infrastruktur yalnız beton, polad və böyük tikililərdən ibarət deyil. İnfrastruktur həm də rəqəmsal infrastruktur, səhiyyə infrastrukturu, təhsil infrastrukturu, müasir iqtisadiyyatın və inkişaf etmiş cəmiyyətin fəaliyyət sistemidir. Bu, insanların bir-biri ilə əlaqə quraraq övladları və gələcək nəsillər üçün daha yaxşı gələcək yaratmasının əsasını təşkil edir".

Vitse prezident vurğulayıb ki, Asiya İnkişaf Bankı olaraq, digər beynəlxalq tərəfdaşlarla – İslam İnkişaf Bankı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı ilə birlikdə həm hökumətlərə, həm də inkişaf tərəfdaşlarına dəstək verməyə hazırdırlar:

"Biz fəaliyyətimizi daha da gücləndiririk. Layihələrin hazırlanmasına texniki dəstəyi artırır, layihələrin hazırlanması və icrası mərhələlərində daha yaxından iştirak edirik. Bu səhər Azərbaycanda iqtisadiyyat naziri ilə görüşərək bütün borcalan ölkələr üçün çoxtərəfli layihə yol xəritəsi və layihə portfeli hazırlanması istəyimizi müzakirə etdik. Hesab edirəm ki, səylərimizi ikiqat artırmalı, daha sıx əməkdaşlıq etməli və bir-birimizlə daha güclü əlaqələr qurmalıyıq".

Gülbəniz Hüseynli / Mətbuat.az