Qocalmayan yeganə canlıdır -
FOTO
İnsanlar əsrlərdir uzunömürlülüyün və əbədi gəncliyin sirrini axtarır. Maraqlıdır ki, təbiətdə yaşlanma prosesinə qarşı qeyri-adi xüsusiyyətlərə malik canlılar mövcuddur. Alimlər xüsusilə bir dəniz canlısını "bioloji cəhətdən ölümsüz" adlandırırlar.
Metbuat.az xəbər verir ki, həmin canlı "Turritopsis dohrnii" adlı meduzadır. Bu kiçik canlı təhlükə və ya stresslə qarşılaşdıqda inkişaf prosesini geri çevirərək yenidən gənclik dövrünə qayıda bilir. Başqa sözlə, o, həyatını təkrar başlada bilir.
Mütəxəssislər bildirirlər ki, bu xüsusiyyət meduzanın nəzəri olaraq sonsuz sayda yenilənməsinə imkan verir. Buna görə də "Turritopsis dohrnii" dünyada bioloji baxımdan qocalmayan yeganə məlum canlı hesab olunur.
Bununla belə, bu, onun həqiqətən əbədi yaşadığı anlamına gəlmir. Meduza digər dəniz canlıları tərəfindən yeyilə, xəstəliklərə məruz qala və ya müxtəlif xarici təsirlər nəticəsində məhv ola bilər.
Alimlər bu qeyri-adi xüsusiyyətin sirlərini öyrənərək gələcəkdə insanlarda yaşlanma prosesinin ləngidilməsi ilə bağlı yeni kəşflərə yol aça biləcəyini düşünürlər. Hazırda aparılan araşdırmalar biologiya və tibb sahəsində böyük maraq doğurur.