"İşğaldan azad olunmuş ərazilərdə də qanvermə aksiyaları keçirilir" -
Gündüz İsmayılov
Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyasının keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri Azərbaycan İlahiyyat İnstitutunda keçirilən qanvermə aksiyasında iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov bildirib.
Onun sözlərinə görə, Aşura günü ilə əlaqədar təşkil olunan qanvermə aksiyaları artıq Azərbaycanda formalaşmış xeyirxah ənənələrdən birinə çevrilib.
“Azərbaycan İlahiyyat İnstitutu ölkədə dini sahə üzrə ixtisaslı mütəxəssislər hazırlayan yeganə ali təhsil müəssisəsidir. Burada belə bir aksiyanın keçirilməsi həm dini maarifləndirmə, həm də sosial məsuliyyət baxımından mühüm əhəmiyyət kəsb edir.
Qanvermə aksiyaları ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən məscid və ziyarətgahlarda təşkil olunur. Son illərdə işğaldan azad edilmiş ərazilərdəki ibadət məkanları da bu təşəbbüsə qoşulub. Bu il Ağdam Cümə məscidində və Şuşadakı məscidlərdə də qanvermə aksiyaları keçirilir”, – deyə o qeyd edib.
Gündüz İsmayılov vurğulayıb ki, aksiyaların təşkilində Səhiyyə Nazirliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, könüllü təşkilatları, qeyri-hökumət təşkilatları və digər qurumlar yaxından iştirak edir.
Onun sözlərinə görə, səhər saatlarından etibarən qanvermə məntəqələrinə müraciətlər intensiv şəkildə davam edir və əvvəlki illərin təcrübəsi bu marağın günün sonunadək yüksək səviyyədə qaldığını göstərir.
Komitə rəsmisi bildirib ki, hazırda ölkə üzrə 38 məntəqədə qanvermə aksiyası keçirilir və iştirakçıların sayı ildən-ilə artır:
“Bu, insanların Aşuranın mahiyyətini daha düzgün dərk etməsinin nəticəsidir. Vətəndaşlarımız yaxşı bilirlər ki, toplanan qan hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsinə yönəldilir. Buna görə də aksiyalara təkcə dini mərasim kimi deyil, həm də mühüm humanitar missiya kimi yanaşırlar”, – deyə Gündüz İsmayılov əlavə edib.
Gülbəniz Hüseynli / Metbuat.az