"IsDB Qarabağ Suvarma Kanalı layihəsinə 400 milyon dollardan çox investisiya yatırıb" -
Mikayıl Cabbarov
“Qarabağ Suvarma Kanalının tikintisi üzrə 413 milyon ABŞ dolları məbləğində saziş, Azərbaycan üzrə hərtərəfli Əməkdaşlıq Çərçivəsinə dair Anlaşma Memorandumu, həmçinin ölkənin regionlarında 12 yaşayış məntəqəsinin su təchizatı və kanalizasiya sistemlərinin qurulmasına dair daha bir memorandum imzalanıb”.
Metbuat.az xəbər verir ki, bu fikirləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il İllik Toplantılarının yekun mətbuat konfransında deyib.
Mikayıl Cabbarov bildirib ki, İİB Qrupunun illik toplantıları geniş beynəlxalq iştiraka malik olub:
“Toplantılar çərçivəsində Özəl Sektor Forumu da daxil olmaqla 32 yüksək səviyyəli sessiya və bilik mübadiləsi tədbiri keçirilib. Tədbirlərdə 78 ölkədən 4 400-dən çox iştirakçı, beynəlxalq təşkilatların rəhbərləri və 14 institut rəhbəri iştirak edib”.
Nazirin sözlərinə görə, toplantıların əsas mövzusu olan “Dayanıqlı rifah naminə regional inteqrasiya” yalnız şüar kimi deyil, bütün müzakirələrin əsas istiqaməti kimi çıxış edib:
“Biz ticarət, bağlantılılıq, enerji, ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi, özəl sektorun inkişafı və rəqəmsal transformasiya kimi dövrümüzün ən aktual məsələlərini müzakirə etdik. Əsas diqqət yalnız iddialı hədəflərə deyil, həmin hədəflərin görünən nəticələrə çevrilməsi üçün praktik addımlara yönəlmişdi”.
Mikayıl Cabbarov əlavə edib ki, Azərbaycan İİB Qrupu ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır:
“Biz Azərbaycanla əməkdaşlığın genişləndirilməsini, ölkənin milli prioritetlərinin dəstəklənməsini və regional bazarlarla xalqları birləşdirən mühüm körpü kimi artan rolunun gücləndirilməsini səbirsizliklə gözləyirik”.
Gülbəniz Hüseynli / Metbuat.az